Accessibility links

Pol Stronski: Münaqişə nə qədər genişlənirsə, bir o qədər təhlükəli olur


Pol Stronski münaqişəni şərh edir
please wait

No media source currently available

0:00 0:08:01 0:00

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə danışıqlar prosesi, Rusiyanın mümkün müdaxiləsi və Qərbin regiondakı təsir gücündən danışıb.

Amerikanın Səsi: Dağlıq Qarabağ və ətrafında son baş verənlər haqda düşüncələriniz nədir?

Pol Stronski: Son hadisələr çox narahatedicidir. Biz döyüşlərin təmas xəttindən kənarda baş verdiyinə, mülki ərazilərin atəşə tutulduğuna, hər iki tərəfdə, həm Gəncədə, həm də Dağlıq Qarabağın de-fakto paytaxtında mülki vətəndaşlar arasında tələfatların olduğuna şahid oluruq. Məncə bu, çox narahatedicidir. Mən döyüşlərin Dağlıq Qarabağ ərazisindən başqa ərazilərə yayılmasından və bunun münaqişəyə müxtəlif döyüşçülərin cəlb olunmasına təsirindən narahatam.

Amerikanın Səsi: Sizcə danışıqlar prosesi başladığı halda döyüş meydanında dinamikanın kəskin dəyişməsi bu prosesə necə təsir göstərə bilər?

Pol Stronski: Ümid edirəm ki, danışıqlar bərpa olunacaq və bilirəm ki, bu gün digər günlərlə müqayisədə bir az daha sakitlik olub. Bilirəm ki, Türkiyə və Azərbaycan tərəfləri, eləcə də Rusiya və Ermənistan tərəfi arasında diplomatik danışıqlar aparılır. Dünən Minsk Qrupunun xarici işlər nazirləri çox güclü bəyanatla çıxış etdilər. Həmçinin bilirəm ki, Dövlət Katibinin müavini məsələyə getdikcə daha çox cəlb olunur. Son günlərdə biz Minsk Qrupu prosesinin böyük çətinliklərlə üzləşdiyinin şahidi olduq. Mən Türkiyə mətbuatında Makronun Ermənistanı dəstəklədiyinə görə tənqid olunduğunu oxudum.

Bundan əlavə, bu məsələdə hər zaman Rusiyanın rolu ilə bağlı suallar olub. Buna görə də, düşünürəm ki, ən azı ABŞ Dövlət Katibi müavininin prosesi başlatmağa cəhd etməsi mühümdür.

Vaşinqtonda oturaraq, orada baş verənləri dəyərləndirmək mənim üçün çətindir. Bilirəm ki, Azərbaycan bəzi irəliləyişlər edib, bəzi ərazilərə nəzarəti ələ keçirib. Ermənistan isə buna qarşı olaraq həmin əraziləri geri aldığını bildirir. Bununla bağlı açıq-aydın məlumat yoxdur.

Amma düşünürəm ki, məsələ nə qədər uzun çəksə, danışıqlar prinsiplərinə qayıtmaq bir o qədər çətinləşər. Münaqişə nə qədər genişlənirsə, bir o qədər təhlükəli olur. Söhbət tərəflərin bir-birlərinin ərazilərinə ağır silahlardan atəş açmasından gedir ki, burada hədəfin Türkiyə, İran kimi səhv istiqamətə düşməsi baş verə bilər. Bildiyimə görə, İran bu mümkünat barədə öz təlaşını ifadə edib.

Ümid edirəm ki, son günlərdə baş verən diplomatik fəaliyyət hər hansısa irəliləyişə gətirib çıxaracaq. Amma belə görünür hər iki tərəf əhalisini həmrəy edib və irəliləmək niyyətindədir. Amma görünür ki, ermənilər Azərbaycan hökümətindən daha çox danışıq masasına oturmağa hazırdır. Bunun oradakı hazırkı vəziyyətdən asılı olub-olmadığından əmin deyiləm.

Amma ermənilər hər zaman status-kvonu qoruyub saxlamaq istəyib, azərbaycanlılar isə status-kvonu dəyişməyə çalışırlar. Ona görə də düşünürəm ki, ermənilər daha çox danışıq masasına oturmağa, azərbaycanlılar isə döyüşlərin nəticəsini görməyə meyllidirlər. Ancaq mən düşünürəm ki, münaqişənin daha genişmiqyaslı regional müharibəyə çevrilmə riski də var. Məncə bu, insanların təhlükəsizliyinə böyük risk törədir. Hazırda hər iki ölkədə dərin iqtisadi problemlər mövcuddur. Biz pandemiyanın ortasındayıq, indi də müharibə baş verir. Ona görə də ictimai və insan təhlükəsizliyi riskləri yüksəkdir.

Bundan əlavə, düşünürəm ki, münaqişənin nəticələrinin hər iki tərəfin höküməti üçün siyasi riskləri var. Hazırda hər iki tərəfdə vəhdət var. Amma atəşkəs olduqda, bunun hər iki ölkədə sabitliyi pozan təsirləri ola bilər.

Amerikanın Səsi: Siz Rusiyanın digər keçmiş sovet ölkələrində, o cümlədən Gürcüstan və Ukraynadan fərqli olaraq bu münaqişəyə hərbi baxımdan müdaxilədən çəkinməsini nə ilə izah edirsiniz?

Pol Stronski: Fikrimcə, Gürcüstan və Ukrayna məsələsində Rusiya təcavüzkar idi. Burada isə Rusiya ikitərəfli və dəyişkən rol oynayır. Rusiya ənənəvi olaraq hər iki tərəfi silahla təmin edir.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın tərəfdaşıdır. Rusiya həm də vasitəçidir. Yəni Rusiyanın bu döngədən çıxması çətindir. Məncə Rusiya hərbi müdaxilə etmək tərəfdarı deyil.

Bir həftə öncə və yayda Azərbaycanla Ermənistan arasındakı beynəlxalq sərhəddə baş verən toqquşma zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanı yardıma çağırmaq imkanın olduğuna dair xəbərlər var idi. Belə görünür, Ermənistan bunu etməyə çəkinir. Rusiya da müdaxilə etməkdən çəkinir. Rusiyanın regionda çox sayda problemləri var, xüsusilə də Ukraynada, amma həm də Gürcüstanda. İndi də Qırğızıstanda qeyri-sabitlik var. Yəni Rusiya regionda çox sayda problemlərlə üzləşir.

Məncə, həm də Ermənistan bundan çəkinir, çünki Rusiyanın yardım edib-etməyəcəyini bilmir. Xatırlatmaq istəyirəm ki, 2010-cu ildə Orta Asiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Rusiyanın yardımına ehtiyac yaranmışdı, amma Rusiya müdaxilə etmədi. Fikrimcə, Ermənistan da çox ehtiyacı olmadığı təqdirdə bunu etməkdən çəkinir. Rusiya vəziyyəti qızışdırmaq istəmir. Cənubi Qafqaz Rusiya Federasiyasının ən qeyri-sabit hissələrinə yaxın ərazidə yerləşir. Məsələn Şimali Qafqazda Dağıstan var. Ona görə də, fikrimcə, onlar indi vəziyyəti nəzarət altında saxlamaq üçün müdaxilə etmək əvəzinə sabitləşdirici rol oynamaq istəyirlər.

Amerikanın Səsi: Siz Qərbin regiondakı nüfuzu ilə bağlı nə deyə bilərsiniz? Vaşinqton, Brüssel və Paris regionda nə qədər təsir gücünə malikdir?​

Pol Stronski: Vaşinqton, Brüssel və ya Parisin çox böyük təsir gücünün olduğunu düşünmürəm. 10-15 il əvvəl Qərbin gücü daha böyük idi. Məncə Azərbaycanla Avropa və Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər o zaman daha yaxın idi. Amma son illərdə onlar arasında Azərbyacanın siyasi trayektoriyası səbəbilə gərginlik yaranıb. Bundan əavə enerji bazarındakı dəyişikliklər səbəbilə də onlar arasındakı yaxın əməkdaşlıq pozulub. Mayeləşdirilmiş təbii qazdan istifadənin artması ilə Azərbaycanın qaz və nefti dünya və Qərb bazarlarındakı əhəmiyyətini itirib.

Ona görə də düşünürəm ki, Qərbin təsir gücü də azalıb.

Ermənistan isə təcrid olunmuş bir ölkədir. Onun Rusiya ilə yaxın əlaqələri var. Məncə Rusiyanın Ermənistan üzərində bir az təsir gücü var. Ermənistanın həmçinin Avropa İttifaı ilə əməkdaşlığı, əlaqələri var.

Bundan əlavə onların Birləşmiş Ştatlarla güclü təhlükəsizlik təlimləri olub. Amma bu əməkdaşlıq Moskva ilə olan əməkdaşlıqla eyni deyil.

Mən həmçinin deyərdim ki, avropalıların Brexit kimi öz problemləri var. Birləşmiş Ştatlarda COVID var. Bundan əlavə ABŞ-da qızğın prezident seçkiləri keçirilir, prezidentin özü COVID-ə yoluxub. Yəni bu məsələyə böyük diqqət ayrılmır.

Həm də ABŞ-da qeyri-funksional xarici siyasət mühiti var. Qeyd etmək istərdim ki, Tramp administrasiyası artıq 4-cü ildir hakimiyyətdədir, amma hələ də Cənubi Qafqazla bağlı siyasətini dərc etməyib. Bu isə şokedicidir.

Məncə bu onu göstərir ki, hətta COVID-seçki böhranından öncə belə administrasiya Cənubi Qafqaza böyük diqqət ayırmırdı.

Fikrimcə, Qərb NATO vasitəsilə təsir gücünə malik ola bilər, xüsusilə də Türkiyənin müdaxiləsi, Türkiyənin vəziyyəti de-eskalasiya etməsi ilə bağlı. Tükiyə keçmişdə də Azərbaycanı diplomatik və hərbi dəstəklə təmin edirdi. Belə görünür Türkiyənin indiki dipomatik dəstəyi əvvəlkindən böyükdür.

Bundan əlavə F-16-ların istifadəsina dair iddialar da var. Bu iddialar doğrudursa, bu o deməkdir ki, Amerika avadanlıqlarından NATO-dan kənarda istifadə olunur. Düşünürəm ki, NATO Türkiyəyə vəziyyəti de-eskalasiya etmək üçün təzyiq göstərə bilər. Amma NATO ilə Türkiyə arasındakı münasibət son bir neçə ildə gərginləşib. Bu səbəblə də NATO-nun təzyiq göstərə bilib-bilməyəcəyini bilmirəm. Amma Qərb birbaşa Azərbaycan və Ermənistan əvəzinə Türkiyəyə təsir göstərə bilər.

Həm də düşünürəm ki, indi Rusiya da çətinlik çəkir. Onlar ənənəni olaraq tərəfləri bir araya gətirib, atəşkəsi təmin edə biliblər. Amma son bir həftədə bunu edə bilməyiblər.

Mən onların bunu etməyə çalışdığını da düşünmürəm.

XS
SM
MD
LG