Accessibility links

Pol Qobl: Rusiya başa düşməlidir ki, Ermənistanla hərbi əməkdaşlıq münaqişənin həllinə xidmət etmir


Pol Qobl: Rusiya başa düşməlidir ki, Ermənistanla hərbi əməkdaşlıq münaqişənin həllinə xidmət etmir
Pol Qobl: Rusiya başa düşməlidir ki, Ermənistanla hərbi əməkdaşlıq münaqişənin həllinə xidmət etmir

Avrasiya məsələləri üzrə ekspert Pol Qobl ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyir. Cənab Qobl Amerikanın səsinə müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən bir müddət üçün inkişafın müşahidə edilməyəcəyini düşündüyünü bildirib

Avrasiya məsələləri üzrə ekspert Pol Qobl ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyir. O, Amerikanın səsinə müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən bir müddət üçün inkişafın müşahidə edilməyəcəyini düşündüyünü bildirib

SUAL: Amerika-Azərbaycan münasibətlərinin bugünkü durumunu necə qiymətləndirirsiniz? Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri, Dövlət katibi Klinton, Müdafiə naziri Robert Geyts Azərbaycana səfər etdilər. Digər tərəfədən, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi hələ boş qalır.

POL QOBL:Bir məsələyə diqqət vermək lazımdır. Iki illik bir müddətə baxsaq, Rusiya Federasiyasını çıxmaqla,heç bir keçmiş sovet respublikasına Azərbaycan qədər yüksək səviyyəli ABŞ rəsmisi gəlməyib. Dövlət katibi, Müdafiə nazirləri, Konqresin yüksək səviyyəli nümayəndə heyətləri səfərlər ediblər. Səfir vəzifəsinin tutulmaması təəssüf doğurur. Amma belə şeylər olur. Mən düşünmürəm ki, bu, Amerikanın marağının azaldığını göstərir. Bu, daha çox bizim burada Vaşinqtonda problemlərimizlə bağlıdır və münasibətlərlə bunun əlaqəsi yoxdur. Mənim Vaşiqntonda tanıdığım insanlar arasında Azərbaycanla münasibətlərin ABŞ-ın post-sovet məkanında əlaqələri arasında ən mühüm əlaqələrdən biri olduğunu düşünməyən çox az adam tapıla bilər. Rusiyadan sonra nüvə silahını nəzərə alaraq, ABŞ-ın ən çox diqqət yetirdiyi ölkənin Ukrayna olmasına baxmayaraq, oraya yüksək səviyyəli rəsmilər çox az səfər ediblər. Əgər beynəlxalq münasibətlərin normal gedişinə baxsanız, buraya rəsmi dövlət səfərləri, yardım, əməkdaşlıq, inteqrasiya daxildir, Azərbaycanın ABŞ-ın diqqəti baxımından vəziyyəti çox yaxşıdır. ABŞ Azərbaycanın mühüm ölkə olduğunu tamamilə aydın edib. Bu, onun coğrafi mövqeyi, şimal və cənub, şərq və qərb arasında körpü rolunu oynaması ilə, zəngin qədim mədəniyyətə malik olması ilə izah edilir və ABŞ Qafqazda siyasətini nəzərə alaraq, Azərbaycana böyük ümidlərlə baxır.

SUAL: ABŞ-ın Qafqaz regionunda bu gün siyasətinin əsasında nə durur?

POL QOBL: ABŞ-ın regionda xarici siyasətinin əsas məqsədi zorakılıqların baş verməməsidir. Biz Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin yenidən başlamasını istəmirik. Biz Ermənistanın Azərbaycan torpaqlarının işğalının hərbi münaqişə nəticəsində deyil, dinc yolla sona çatmasını istəyirik. ABŞ rəsmiləri bunu aydın şəkildə bildiriblər. ABŞ daha artıq sabitlik görmək istəyir. Sabitlik iqtisadi sahədə fəaliyyətlər, kəmərlər, neftin ixracı üçün imkanlar açır və bu da regionda insanların həyatının yaxşılaşması üçün daha artıq gəlir deməkdir. Birləşmiş Ştatların regionda ən ümdə və mühüm məqsədi sabitlikdir. İkincisi, Birləşmiş Ştatlar Azərbaycanı Cənubi Qafqazda ən mühüm ölkə ola biləcək güclü bir ölkə kimi görmək istəyir. Ona regionda maraqlarını təmin etməyə kömək etmək üçün baxa biləcəyi bir ölkə kimi görmək istəyir. Azərbaycanın İranın şimalında yerləşməsi və orada çox sayda azərbaycanlının olması özü-özlüyündə çox mühüm təhlükəsizlik məsələsidir. Orada azərbaycanlıların vəziyyəti İran rejimindən mahiyyətinə görə o biri insanların vəziyyətindən fərqlənmir, onlar rejimdən əziyyət çəkir. Buna görə də ABŞ-ın Azərbaycanda müxtəlif maraqları var. Mən rəsmi adam olmasam da ABŞ-ın xarici siyasətindən belə başa düşürəm ki, biz hadisələrin dinc inkişafını istəyirik, açıqlıq, azadlıq və demokratiya, insan hüquqlarının müdafiəsini istəyirik. Bunlar bizim gündəmdə olan məsələlərdir. Bəzən mətbuatda region, ya da başqa yerlərlə bağlı müzakirələri oxuduqda belə təsəvvür yaranır ki, sabitlik insan hüquqlarına dəyişdirilir. Bu, qısa müddət üçün belə görünə bilər, lakin uzun müddət üçün bu iki məsələ bir-birini möhkəmləndirir. Buna görə də ABŞ-ın bəzən insan hüquqları sahəsində baş verənlərlə bağlı azərbaycanlıların xoşlamadığı tənqidləri Azərbaycan, ya da Azərbaycanda sabitliyi tənqid etmək məqsədilə edilmir, ABŞ-ın əsas mütəffiqlərindən biri hesab etdiyimiz ölkədə uzun müddət üçün sabitlik görmək istəyimizdən irəli gəlir.

SUAL: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı fikirlərinizi bilmək maraqlıdır. Prosesin əvvəlki illərlə müqayisədə indi dinamikası necədir? Minsk qrupunun fəaliyyətləri tənqid edildi. Ümumi mənzərə sizə necə görünür?

POL QOBL: Almatıda ATƏT-in Minsk qrupunun çərçivəsində nazirlərin görüşündən əvvəl əldə edilənlər düzgün istiqamətləndirilməmişdi, ortada həddindən artıq böyük nikbinlik var idi. Bu, olduqda mürəkkəb bir məsələdir. Azərbaycanın qəbul etdiyi və Xarici İşlər naziri Elmar Məmmədyarovun Qarabağ ətrafındakı beş rayonun və Laçın və Kəlbəcərin azad edilməsinə keçidin həyata keçirilməsi kimi təsvir etdiyi yenilənmiş Madrid sənədi firkimcə, insanlarda belə bir təsəvvür yaratmışdı ki, Ermənistan da bunları qəbul edir. Lakin təəssüf ki, Yerevan və Moskvada elə adamlar var ki, münaqişənin davam etməsi, onun nizamlanmasından daha çox onların marağındadır. Bu isə fikrimcə çox pis haldır. Mənə elə gəlir ki, indi müəyyən müddət üçün bir durğunluq olacaq. Lakin ümid etmək istəyirəm ki, danışıqlar yaxın zamanda bərpa ediləcək. Amma bu vəziyyətdə, yəni xarici işlər naziri Elmar Məmmədyarovun əvvəlki görüşlərdən fərqli olaraq, birgə bəyanat vermədən danışıqlardan qayıdıb heç bir nəticənin olmadığını dediyi bir şəraitdə vaxt lazımdır. Mənim şəxsi fikrim oldur ki, danışıqlar bir müddət üçün dayanacaq. Lakin yenə də ümid etmək istərdim ki, proses davam edəcək. Razılıq da yenilənmiş Madrid sənədinə uyğun olacaq. Lakin belə bir sual verilməlidir: Bakıda çoxlarının narazılığı nəzərə alınsa, Minsk qrupu Almatıya qədər oynadığı rolu bundan sonra da oynaya biləcəkmi? Mən hesab edirəm ki, ruslar, prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin iki prezidentlə görüşlərində buna artıq zərər vurublar. Onu da özümüzdən soruşmalıyıq ki, Rusiya hökumətinin Yerevanla Rusiyanın Ermənistanda mövcudluğunu artıracaq və ermənilərdə danışıqlar aparmaq istəyi yaratmayacaq yeni hərbi razılışması nə deməkdir. Bu, mənim nəzərimdə Almatıda gözləntilərdən daha çox yaxın zamanlarda danışıqlara yenidən başlamağın mümkünlüyü baxımından daha mənfi bir inkişafdır.

SUAL: Necə fikirləşirsiniz, ABŞ-ın münaqişənin həllində rolu arta bilərmi?

POL QOBL: Ümid etmək istərdim ki, artacaq. Gəlin belə deyək, çox ümid edirəm ki, belə olacaq. Bu münaqişənin həllində regionun bütün ölkələrinin iştirakı lazım olacaq. Bu da asan deyil, çünki bu ölkələrin bir-birinə zidd müxtəlif maraqları var. Amma belə uzun sürən mürəkkəb bir münaqişənin həllində çox adamın iştirakı lazım olacaq. Minsk qrupunun fəaliyyətində bir sıra müsbət məqamlar oldu. Lakin Minsk qrupunun əsas problemi odur ki, danəşıqlar prosesini şox uzatdı. Diplomatlar təbiətcə nikbin olmalıdır, onlar işlərin irəliyə doğru getdiyini qabaqcadan söyləyə bilməlidir. Çünki əks təqdirdə, iş görmək mümkün olmayacaq. Lakin təəssüf ki, diplomatların həddindən artıq nikbin bəyanatları bəzən insanlar arasında əsassız gözləntilərə gətirib çıxarır. Ümid edirəm ki, ABŞ inkişafa nail olmaq üçün regionda öz nüfuzundan, avropalılar və rus tərəfdaşları ilə nüfuzundan istifadə edəcək. Mən rusların müdaxiləsinin köməyi olduğunu düşünmürəm. Fikrimcə, hər halda Ermənistan xarici işlər naziri Nalbandyanın bəyanatından belə nəticə çıxarmaq olar ki, onlar Ermənistanı inandırıblar ki, Yeravan əməkdaşlıq etməyə bilər. Bu isə vəziyyəti daha çətinləşdirib. Mən kimisə Almaatı danışıqlarının baş tutmamasında günahlandırmaq istəsəm, bunu Rusiyanın son addımları ilə izah edərdim. Bu addım Yerevanın əməkdaşlıqdan yayınmasına səbəb oldu. Ona görə də mənim ölkəm, Birləşmiş Ştatlar da daxil olmaqla, indi inkişafa nail olmaq o biri iki həmsədrdən asılıdır. Çünki belə görünür ki, Moskvada Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının onların da marağında olduğunu başa düşmürlər. Birləşmiş Ştatlar fikrimcə, bunu aydın etməlidir ki, Rusiyanın son addımları, xüsusilə də Ermənistanla hərbi razılıq işə kömək etmir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG