Polşada seçicilər bazar günü preziden seçkilərində səs verir. Səsvermə yenidən seçilmək üçün mübarizə aparan Andjey Dudanın sağ cinah hökumətinin gələcəyini müəyyənləşdirə bilər.
Seçkilərə hazırkı prezident Andjey Duda da daxil olmaqla 11 namizəd qatılıb.
Rəy sorğularına görə 48 yaşlı Duda seçicilərin 40 faizinin dəstəyinə malikdir. Ondan sonra Sivil Platforma müxalifət partiyasından Varşava meri Rafal Tşaskovski gəlir. Ona seçicilərin 30 faizinin rəy sorğularında dəstək verdiyi bildirilir.
Hakim milli-mühafizəkar partiyanı təmsil edən Duda onun hökuməti tərəfindən təqdim edilmiş sosial müavinətləri müdafiə edəcəyinə söz verib. O həmçinin LGBT icması ilə əlaqədar kəskin mövqeyi ilə tanınır.
Liberal-demokratik müxalif blokun namizədi olan Tşaskovski seksual azlıqları dəstəkləsə də, bu, onun seçki kampaniyasının proqramının bir hissisi olmayıb.
Müşahidəçilər Polşada prezident seçkilərinin ikinci turunun keçirilməsi ehtimalını irəli sürür.
Polşada prezident seçkiləri əvvəlcə mayın 10-na təyin olunmuşdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar olaraq seçkilərin vaxtı dəyişdirilib.