Accessibility links

Pənah Hüseyn: Yeni konstitusiya qəbul edilməlidir


Pənah Hüseyn: Yeni konstitusiya qəbul edilməlidir
Pənah Hüseyn: Yeni konstitusiya qəbul edilməlidir

İctimai Palatanın “Yol Xəritəsi” qəbul ediləcək və kölgə kabineti yaradılacaq. Pənah Hüseyn hesab edir ki, Yol Xəritəsi iki il müddətində avtoritarizmdən demokratiyaya yumşaq keçidi nəzərdə tutur.

İctimai Palatanın (İP) üzvü, İP-nin Yol Xəritəsi sənədinin müəlliflərindən biri Pənah Hüseyn Amerikanın Səsi radiosuna müsahibəsində avtoritarizmdən demokratiyaya yumşaq keçidin yollarından danışıb. İctimai Palatanın Yol Xəritəsi sənədinin layihəsində keçid müddəti iki il müəyyən edilib.

Sual: İP-nin Yol Xəritəsi nədən bəhs edir?

Cavab: Bu, Azərbaycanda dəyişiklikləri nəzərdə tutan sənəddir. Sənəd dəyişikliklərin konkret mərhələlərini, addımlarını müəyyən edir. Sənədin adında deyildiyi kimi, avtoritarizmdən demokratiyaya yumşaq və sarsıntısız keçidi nəzərdə tutur. İslahatların üç mərhələsi nəzərdə tutulub. Birincisi, demokratiyaya keçidin siyasi əsası və mühit yaradılmalıdır. Bu, özündə ilk öncə hakimiyyətlə İP arasında siyasi dialoqun başlanmasını ehtiva edir. Siyasi amnistiya, televiziyanın efir məkanının açılması, sərbəst toplaşmaq azadlığının təmin olunması, konkret olaraq Azadlıq meydanının belə tədbirlər üçün açılması, mətbuata, qeyri-hökumət təşkilatlarına basqıların aradan qaldırılması, internetə məhdudiyyətlərə yol verilməməsi kimi demokratik mühiti dərhal yaradacaq təxirəsalınmaz dəyişikliklər edilməlidir.

İkincisi, islahatların aparılması məqsədi ilə xüsusi dialoq orqanı yaradılmalıdır. Bu orqan seçki, konstitusiya, sosial islahatların həyata keçirilməsini təşkil etməlidir. Beləliklə, keçid dövrü iki il davam edir, seçki, konstitusiya islahatları, hakimiyyət qollarının formalaşdırılması və nəhayətdə azad və ədalətli seçkilərin keçirilməsi ilə başa çatır.

Sual: Hakimiyyət dialoqa hazırdırmı? Bu sahədə təkliflər varmı və ya danışıqlar aparılırmı?

Cavab: İyunun sonunda Yol Xəritəsinin son variantı qəbul ediləcək və cəmiyyətə, Prezident Aparatına, diplomatik korpuslara təqdim ediləcək. Hakimiyyət bu gün, dialoqa hazır görünməsə də, hesab edirik ki, dünyada və Azərbaycandakı hadisələrin inkişaf tendensiyası əvvəl-axır ciddi addımların atılmasına gətirib çıxaracaq.

Sual: İP kölgə kabineti ilə bağlı da müzakirələr başlamaq fikrindədir. Ən azı, bu müzakirələr artıq mediada başlayıb. Kölgə kabinetini necə görürsünüz?

Cavab: Bir halda ki, keçid dövrü hakimiyyət qollarının azad seçkilər yolu ilə təşkili ilə başa çatmalıdır və bu iki il müddətində olmalıdır. Lazımdır ki, ən azı kölgə kabinetinin formalaşdırılması, parlament seçkilərində birgə iştirak, prezidentliyə namizəd məsələləri konseptual baxımdan həll edilsin. Təəssüf ki, bu məsələ hələ İP-nin rəhbərliyində özünün tam müsbət həllini tapmayıb. Amma, əminəm ki, yaxın aylarda bu istiqamətdə pozitiv irəliləyişlərə nail olacağıq.

Sual: Keçid dövrünü iki il müəyyən edirsiniz. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Belə görünür ki, həm də prezident seçkilərinə hazırlaşırsınız?

Cavab: Yox. Bu, belə deyil. O dövrədək yeni konstitusiya layihəsinin hazırlanması və müzakirəsi, ciddi islahatların hazırlanması nəzərdə tutulur. Bu yalnız, prezident seçkisinə hədəflənmiş proses deyil. Əgər, islahatlar başa çatacaqsa, prezident seçkisi hakimiyyət məsələsinin əsas məsələsi olmaq mahiyyətini itirəcək. Çünki, parlamentin və Nazirlər Kabinetinin səlahiyyətlərinin ciddi şəkildə artırılması nəzərdə tutulur.

Sual: Konstitusiyada hansı islahatları istəyirsiniz?

Cavab: Azərbaycan və demokratiya üçün yeni konstitusiya lazımdır. Bu çoxpartiyalı sistemin , qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların və müxalifətin konstitusion statusunun təsbitini nəzərdə tutur. Hakimiyyət qolları olan prezident, məhkəmə və parlament arasında ciddi tarazılığın yaradılmasını, proporsional seçki sisteminin bərpasını ehtiva edir.

Sual: Hazırki konstitusiya da qəbul edilən zaman beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmışdı. Konstitusiyada sizi qane etməyən nədir?

Cavab: Konstitusiyada bir nəfərin iki dəfədən çox prezident seçilə bilməz məhdudiyyəti götürülüb. Bu, geriyə, avtoritarizmə doğru atılan ciddi addımdır, sülalə hakimiyyətinin yaranmasına xidmət edən bir məsələdir. Bir sıra deklorativ dəyişikliklər də edilib. Doğrudur, 1995-ci ildə qəbul edilən konstitusiya müsbət addım kimi qiymətləndirilə bilərdi, amma indiki halda mütləq yeni konstitusiya qəbul edilməlidir.

XS
SM
MD
LG