Azərbaycanın keçmiş baş naziri, İctimai Palatanın Təhlükəsizlik komissiyasının koordinatoru Pənah Hüseyn Amerikanın Səsi radiosuna müsahibə verib. O İctimai Palatanın mitinq hazırlığı, müxalifətin yeni konstitusiya islahatları barədə təklifləri, ərəb inqilablarının Azərbaycana təsirləri, iqtidarla dialoq, hökumətin antikorrupsiya tədbirləri ilə bağlı məsələlərə toxunub.
Sual: İctimai Palata mitinqlərə hazırlıqla bağlı qərar qəbul edib. Mitinqlər nə vaxt başlayacaq, hazırlıq vəziyyəti necədir?
Cavab: İctimai Palatanın son sessiyasında mitinqlərə martın 5-i və ya 12-də başlamaqla bağlı təkliflər irəli sürüldü. Lakin, mitinqlərin nə vaxt başlanması ilə bağlı konsensus olmadı, bu səbəbdən mitinqin başlanma vaxtının müəyyən edilməsi koordinasiya şurasına tapşırıldı. Bir sözlə martda və ya apreldə mitinqlərin başlanması gözlənilir.
Sual: Mitinqə hazırlıq nə yerdədir?
Cavab: Mitinqlərin vaxtı və sıralanması ilə bağlı müzakirələr davam edir. Amma, mən şəxsən öz fikrimi deyə bilərəm. Mən mitinqlərin permanent aparılmasının tərəfdarıyam. Biz, bu mitinqlərə həm də İctimai Palatanın regional təşkilatlanması kimi baxırıq. Mənim bəzi yoldaşlarım və cəmiyyət mitinqlərə dərhal dəyişikliklər əldə etmək baxımından əhəmiyyət verir, demokratik inqilabın başlanğıcı kimi baxırlar.
Sual: Əsas tələbləriniz nədir? Konstitusiya dəyişiklikləri ilə bağlı tələbləriniz varmı?
Cavab: Biz, yeni konstitusiya layihəsi üzərində işləyirik. Artıq konstitusiya komissiyası formalaşdırılır. Yeni layihə indiki konstitusiyadan köklü şəkildə fərqlənəcək. Fundamental dəyişikliklər proporsional seçki sisteminin bərpası, prezidentin səlahiyyətlərinin parlamentin xeyrinə azaldılmasıdır, hələ diskussiyaların mövzusu olsa da hökumətin parlamentə tabe edilməsi məsələsi də gündəlikdədir. Mərkəzi Seçki Komissiyasının konstitusional orqana çevrilməlidir. Hüquq və azadlıqların konkretləşdirilməsi ilə bağlı da təkliflər var. Əsas tələbimiz isə Azərbaycanda yeni parlament seçkilərinin keçirilməsidir. Fikrimizcə, ölkədə demokratik dəyişikliklərin islahat və sivil yollarla həyata keçirilməsi və həqiqətən belə bir siyasi iradənin olması üçün, bu bir testdir. Nə qədər çətin olsa da, hətta hakimiyyətin ideoloqlarına mümkünsüz görünsə də, belə addım atılarsa, biz islahatlar yolu ilə ciddi fundamental demokratik dəyişiklikləri mümkün hesab edirik. Hesab edirik ki, bir neçə ay ərzində yeni demokratik parlament seçkiləri keçirilə bilər. Bu, bizim əsas tələbimizdir.
Amma eyni zamanda, cəmiyyət ciddi sosial-iqtisadi tələblər irəli sürür və biz bunu müdafiə edirik. Bu, əmək haqlarının və pensiyaların minimal standartlarının ən azı iki dəfə artırılmasından ibarətdir. Buna ölkənin iqtisadi-maliyyə durumu imkan verir, mənbələr var. Sərbəst toplaşmaq azadlığında məhdudiyyətlərin aradan qaldırılmalı, siyasi və vicdan məhbusları həbsən azad edilməlidir. Beləliklə, həm sosial-iqtisadi, həm də bir sıra siyasi islahatlar bizim tələblərimizdir.
Sual: Yeni konstitusiya layihəsində prezidentin iki dəfədən çox seçilə bilməməsi ilə bağlı bəndin bərpası nəzərdə tutulurmu?
Cavab: Bu, birmənalıdır və əsas tələblərimizdəndir. Biz konstitusiya dəyişdiriləndə buna qarşı çıxmışıq. Hətta hesab edirik ki, İlham Əliyev konstitusiya dəyişikliyini gözləmədən, ilkin addım kimi 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürməyəcəyi ilə bağlı bəyanat verməlidir.
Sual: Ərəb inqilablarının Azərbaycana təsirləri nə qədərdir. The
Wall Street Journal inqilaba namizəd ölkələrin siyahısını dərc edib. Azərbaycan 85 ölkə arasında 10-cu namizəd ölkə kimi xarakterizə edilib. Jurnalın dərc etdiyi cədvələ görə, ölkədə etiraz elektoratı 100 ballıq şkala üzrə 78,6 faiz təşkil edir. Sizin fikriniz?
Cavab: Ərəb inqilabları Azərbaycanda siyasi situasiyanı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Cəmiyyətdə siyasi fəallıq olduqca yüksəlib. Ölkədə demokratik inqilab şüarı ən populyar şüara çevrilib. Jurnalın reytinq cədvəlində sıralamada Azərbaycan əvvələ də keçə bilər, bir qədər gecikə də bilər. Amma, real odur ki, ölkə ciddi siyasi dəyişikliklər üçün yetişib.
Sual: Siz dediyiniz ciddi siyasi islahatlar aparılması üçün, ilk öncə hökumətin müxalifətlə dialoquna ehtiyac var. Dialoq üçün təkliflər olubmu?
Cavab: Məncə, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Həsənovun və ya YAP-ın vəzifəli şəxsi Mübariz Qurbanlının “müxalifət göysatan axtarır” və ya “bizimlə danışmağa layiq müxalifət yoxdur” kimi sözlərinə hakimiyyətin siyasi potensialının artıq yoxa çıxmasının bir göstəricisi kimi baxılmalıdır. Güman etmirəm ki, müxalifət tərəfindən dialoq çağırışları səslənsin. Çünki, bu dərhal iqtidar daxilindən əks rəylərin yaranmasına səbəb olur. İqtidardan ciddi bir səviyyədə, əlbəttə prezident və ya YAP rəhbərliyi səviyyəsində dialoq təklifi gələrsə bu, müzakirə oluna bilər.
Sual: Rəsmi qəzetlər Azərbaycanın hökumət rəhbərinin siyasi iradə nümayiş etdirərək islahatlara başladığını bildirir. Xüsusi ilə antikorrupsiya ilə bağlı bəyanatlar misal göstərilir. Bu islahatların ciddiliyinə inanırsınızmı?
Cavab: Bu bir qədər komik təsir bağışlayır. Çünki, korrupsionerlərin korrupsiyaya qarşı mübarizəsi çox çətindir. Əgər, həqiqətən belə islahat aparılırsa, hamının tanıdıqları korrupsionerlər vəzifədən azad edilsin, onların qanunsuz hərəkətlərinə hüquqi qiymət verilsin.
Fikrimcə, biznesmenlər gedib biznes fəaliyyəti ilə məşğul olub, dövlətin vergisini ödəməlidir. Dövlət vəzifələrinə isə həqiqətən dövlət işləri ilə məşğul olacaq savadlı insanlar irəli çəkilməlidir.