Accessibility links

Ali Məhkəmə jurnalistin kassasiya şikayətini təmin etməyib


Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)
Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Oktyabrın 27-də Azərbaycan Ali Məhkəməsi həbsdə olan jurnalist Pərviz Həşimlinin kassasiya şikayətini təmin etməyib.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunub. 2014-cü il mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz silah və hərbi sursatın əldə edilməsində, saxlanmasında və qaçaqmalçılığında təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

2015-ci il dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. P.Həşimli bildirib ki, iş üzrə digər müttəhim Qurbanov ona böhtan atıb. Hüquq-müdafiəçiləri P.Həşimlini siyasi məhbus kimi tanıyıblar.

P.Həşimli şikayətə baxılması zamanı iştirak etməyib. Müdafiə tərəfi məhkəmənin təxirə salınmasını, P.Həşimlinin iştirakının təmin olunmasını xahiş edib.

Vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki,məhkəmə vəsatəti və şikayəti təmin etməyib.

Onun sözlərinə görə, müdafiə tərəfi cinayət işinin mahiyyəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Bundan öncə P.Həşimlinin qanunsuz həbsilə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

P.Həşimli birinci instansiya məhkəməsində bildirib ki, MTN-in apardığı ibtidai istintaq zamanı ona fiziki və mənəvi təzyiqlər göstərilib.

P.Həşimli konkret adları açıqlayıb. Onların arasında MTN əməkdaşlarının qanunsuz hərəkətləri üzrə cinayət işi çərçivəsində həbs olunan İlqar Əliyev də var.

XS
SM
MD
LG