Accessibility links

Pensiyalar indeksləşdirilib – qiymət artımı və ekspert rəyi


Fevralın 5-də prezident İlham Əliyev bütün növ əmək pensiyalarının orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməni həyata keçirmək tapşırılıb.

2020-ci ildə pensiya, prezident təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib.
Himalay Məmişov, hökumət rəsmisi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib ki, 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır.

Onun sözlərinə görə, 2020-ci ildə pensiya, prezident təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə, Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.

Bununla yanaşı, son zamanlar ölkədə benzinin, dizel yanacağının, içməli və çirkab suların qiyməti qaldırılıb. Öz növbəsində digər ərzaq məhsullarının qiymətlərində də artımlar qeydə alınmaqdadır.

Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2020-ci ildə 4,6 faizə, 2021-ci ildə 4,5 faizə, 2022-ci ildə 4,1 faizə, 2023-cü ildə isə 3,9 faizə bərabər olacaq.

Lakin müstəqil mənbələr inflyasiyanın daha çox olduğunu təxmin edir.

2021-ci ilin yanvarında 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 5,7% artıb.
Turan Agentliynin məlumatından sitat

2021-ci ilin yanvarında Bakıda Turan İnformasiya Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 5,7% artıb.

Iqtisadçı Rövşən Ağayev bildirib ki, hökumət pensiyaların sığorta hissəsinin 11.4% indeksləşdiriləcəyini bəyan edib.

"Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə görə, sığorta hissəsi üzrə indeksləşdimə rəsmi statistikada elan olunan orta maaşın artım tempinə uyğun olmalıdır. Məlumat üçün deyim ki, ötən ilin sonuna orta maaşlar 623.1 manat, 2020-nin sonuna isə 694.1 manat təşkil edib. Bir maraqlı detal da odur ki, pandemiyanın elan olunduğu ilk aylarda Azərbaycanda nominal orta maaş 736 manata yüksəldiyi halda, ilin sonuna təxminən 6% (42 manat) azalaraq 694 manata enib. Lakin pensiyaların indeksləşdirilməsi zamanı hesabat və cari ilin dekabr ayının göstəriciləri əsas götürüldüyündən indeksləşdirmə üçün artım göstəricisi təmin edilib,” o qeyd edib.

İqtisadçı Natiq Cəfərli deyib ki, prezidentin fərmanına görə ölkə üzrə təqaüdçülərin 93%-nin - 1 milyon 143 min nəfərin pensiyası 11,4% artırılır (yerdə qalanlar xüsusi təqaüd alanlardır).

Dizel yanacağının qiymətinin 34%-ə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10% civarında (bəzi məhsullarda 20-30% olub) bahalaşmasına səbəb olub.
Natiq Cəfərli, iqtisadçı

“Artım yanvarın 1-dən hesablanır, fevralda təqaüdü alarkən yanvar ayının artım məbləğı də hesablanacaq. Təqaüdün yığım hissəsi isə (DSMF-də yığılan) 2,8% inteksləşəcək, artırılacaq. Bu artımlar üçün əlavə 441 mln. manat, ümumilikdə isə 2021-ci ildə təqaüd və müavinətlərə 5 milyard 743 milyon manat xərclənəcək,” o qeyd edib.

Iqtisadçı eyni zamanda hesab edir ki, dizel yanacağının qiymətinin 34%-ə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10% civarında (bəzi məhsullarda 20-30% olub) bahalaşmasına səbəb olub.

“Bu hələ son deyil. Yazdan başlayaraq yerli aqrar məhsullar artıq yeni, 2020-ci ilin yaz-yayına nisbətən daha baha qiymətə bazara çıxarılacaq - çünki, aqrar sektorda maya dəyərinin 30-40% arasını məhz dizel yanacağı təşkil edir. Suyun qiymətinin 100%, ərzağın isə 10-15% artması təqaüd artımını bəri başdan "yeyir". Qarşıda isə bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir,” Cəfərli bildirib.

XS
SM
MD
LG