Accessibility links

Penitensiar Xidmət: İkram Rəhimov aclığı dayandırıb


İkram Rəhimov
İkram Rəhimov

Penitensiar Xidmət reallıq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun aclıq aksiyasını dayandırdığını açıqlayıb.

Bu barədə sentyabrın 5-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. Amma Mehman Sadıqov məsələ ilə bağlı geniş açıqlama verməyib.

Bu deyilənlərlə bağlı İkram Rəhimovun ailəsi məlumatsız olduqlarını söyləyib.

Avqustun 7-dən aclıq aksiyasına başladığını açıqlayan İkram Rəhimovun ailəsi sentyabrın 4-də onun səhhətinin kəskin pisləşdiyini bəyan etmişdi.

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İkram Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG