Accessibility links

Parlamentdə “Media haqqında” qanun layihəsi müzakirə ediləcək - media ictimaiyyəti sənədlə tanış olmadığını bildirir


Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayacaq. Ancaq, media ictimaiyyəti hələ sənədlə tanış olmadığınlı bildirir.

Bu gün, dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

“Kütləvi informasiya əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir. Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.”

Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Media hüquq üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, “Media haqqında” qanun layihəsi dekabrın 10-da parlamentdə komitələrin müzakirəsinə çıxarılacaq, amma məsələnin maraqlı tərəfli budur ki, qanun layihəsini “görən” yoxdur.

İndi də Milli Məclis özünün qəbul etdiyi qanunları pozmaqla media agentliyi ilə yarışa girib.
Ələsgər Məmmədli, media hüququ üzrə ekspert

“Məsələnin ən problematik tərəfi odur ki, indi də Milli Məclis özünün qəbul etdiyi qanunları pozmaqla media agentliyi ilə yarışa girib. Belə ki, agentlik “Media haqqında” qanun layihəsini razılaşdırmağa göndərdiyi andan öz internet səhifəsində, Milli Məclis isə layihə daxil olub, gündəliyə salındığı andan “meclis.gov.az” saytına yerləşdirilməli idi. Bunlar “İnformasiya əldə etmək haqqında” Qanunun 29 və 30-cu maddələrinin tələbləridir,” o qeyd edib.

Azərbaycan Jurnalistlər Birliynin sədri Elçin Şıxlı Amerikanın Səsinə deyib ki, “Media haqqında” qanun layihəsinin ictimai müzakirələrində iştirak etməyib.

Qanun layihəsini bu gün, dekabrın 9-da günortadan sonra mənə təqdim ediblər. Hələ tanış olmamışam.
Elçin Şıxlı, Jurnalistlər Birliyinin sədri

“Hələ qanun layihəsi ilə tanış deyiləm. Sabah, dekabrın 10-da Milli Məclisin komitələrində qanun layihəsinin müzakirəsi olacaq. Həmin müzakirələrə dəvət olunmuşam. Qanun layihəsini bu gün, dekabrın 9-da günortadan sonra mənə təqdim ediblər. Hələ tanış olmamışam,” o qeyd edib.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev qanun layihəsinin ictimai müzakirələrində iştirak etməyib, lakin dekabrın 10-da Milli Məclisin komitələrində müzakirələrə dəvət edilib.

“Mən, sabah, dekabrın 10-da Milli Məclisin komitələrində “Media haqqında” qanun layihəsinin müzakirəsinə dəvət edilmişəm. Qanun layihəsi bu gün mənə göndərilib. Hələ sənədlə tanış olmamışam,” o qeyd edib.

Arif Əliyev deyib ki, guya adı oldu ki, layihənin ictimai müzakirələri keçirilib.

Burada hər şey icra strukturunun iradəsindən asılıdır, mediaya müdaxilə edə bilən şəxslərin iradəsi ilə həll olunur.
Arif Əliyev, Bakı Mətbuat Klubunun rəhbəri

“Amma, müzakirə çox qəribə şəkildə keçirilib. Guya, KİV-lərdə, redaksiyalarda bunun ictimai müzakirəsi olunub. Bunlar da əsasən dövlət Kütləvi İnformasiya Vasitələri idi. Düşünürəm ki, bunun daha geniş ictimai müzakitəsini təmin etmək mümkün olardı.”

Ekspert bu sənədə ciddi əhəmiyyət vermədiyini bildirib.

“Təəssüf ki, bizdə “Media haqqında” qanunun medianın idarə olunmasında, medianın qurulmasında rolu çox kiçikdir. Burada hər şey icra strukturunun iradəsindən asılıdır, mediaya müdaxilə edə bilən şəxslərin iradəsi ilə həll olunur,” Bakı Mətbuat Klubunun rəhbəri qeyd edib.

İqtidarda olan “Yeni Azərbaycan” Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Amerikanın Səsinə deyib ki, qanun layihəsini bu gün ona təqdim ediblər.

Qanun layihəsi bu gün mənə təqdim olunub.
Alqış Musayev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

“Sabah, dekabrın 10-da Milli Məclisin komitələrində qanun layihəsinin müzakirəsinə dəvət edilmişəm. Orada fikirlərimi deyəcəm,” o qeyd edib.

“Turan” Agentliynin direktoru Mehman Əliyev isə Milli Məclisin komitələrində sənədin müzakirəsinə dəvət edilməyib.

O Amerikanın Səsinə deyib ki, qanun layihəsi ilə tanış deyil.

Cəmiyyətə informasiyanı açıq, şəffaf təqdim edən bir qurum olan media haqqında qanun qapalı şəkildə qəbul edilir. Bu, dəhşətli bir vəziyyətdir.
Mehman Əliyev, "Turan" Agentliyinin direktoru

“Qanun layihəsi ilə ümumiyyətlə heç bir media orqanı tanış deyil. Biz bu məsələni yaz aylarında qaldıranda deyirdilər ki, müzakirələr gedir. Ancaq, müzakirələrdə iştirakda adı çəkilən medialardan soruşmuşuq, deyiblər ki, qanun layihəsini görməyiblər. Cəmiyyətə informasiyanı açıq, şəffaf təqdim edən bir qurum olan media haqqında qanun qapalı şəkildə qəbul edilir. Bu, dəhşətli bir vəziyyətdir. Bu onu göstərir ki, hakimiyyətin məqsədi ondan ibarətdir ki, Azərbaycanda söz və media azadlığını məhdudlaşdırsın. Başqa bir məqsəd yoxdur,” o qeyd edib.

XS
SM
MD
LG