Dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.
Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəklər.
Mətbuat xidməti qeyd edir ki, iclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə olunacaq.
Habelə, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi, gücləndirilməsi, iş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda da müzakirələr aparılacağı gözlənir.
Komitələrdə müzakirələr dekabrın 13-nə kimi davam edəcək.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılır. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.
Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
Qərarda deyilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.
Dekabrın 2-də “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.
Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.
Məlumata görə, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.
Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.