Ağ Ev prezident Donald Trampın iqlimlə bağlı Paris sazişindən çıxmaq qərarını dəyişmədiyini bildirib.
Tramp administrasiyası bildirib ki, ABŞ-ın Paris razılaşması ilə bağlı mövqeyi dəyişməyib.
The Wall Street Journal qəzeti administrasiya rəsmilərinin Montrealda keçirlən iqlim sammitində Amerikanın sazişdən çıxmayacağını, əksinə iqlim dəyişikliyi ilə bağlı mübarəzədə iştirak edəcəyini dediklərini yazıb.
“Prezident tamamilə açıq şəkildə bildirib ki, əgər bizim ölkəmizə daha yaxşı şərt təklif olunmasa, ABŞ sazişdən çıxacaq”- deyə, Ağ evin məlumatında bildirilir.
Ağ Evin mətbuat katibi Sara Hakebbi də Tweeter hesabında yazır: "Bizim Paris razılığı ilə bağlı mövqeyimiz dəyişməyib".
ABŞ dövlət katibi Reks Tillerson isə Amerikanın düzgün şərtlər altında Paris sazişində qala biləcəyini bildirib.
196 ölkənin nümayəndəsi qlobal istiliyə qarşı mübarizəyə dair razılığı 2015-ci ildə əldə edib.
Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.