Fransa polisinin bu gün səhər radələrində Paris yaxınlığında keçirdiyi reydlər iki nəfərin ölümü, yeddi nəfərin isə həbsi ilə başa çatıb. Həmin şəxslərin keçən cümə günü Fransanın paytaxtında həyata keçirilən hücumlarda əlləri olub-olmadığı məlum deyil.
Polisin Sen-Denidəki bina yaxınlığındakı reydlərınin ağır silahlardan atəş səsləri ilə müşayiət edildiyi bildirilir. Səhərə yaxın polisin yalnız alt paltarında olan bir nəfəri apardığını görənlər olsa da, həmin vaxt həbslər haqda heç bir məlumat verilməyib.
Günortadan sonra hökumət sözçüsü reydlərin başa çatdığı haqda bəyanat açıqlayıb. Rəsmilər Əbdülhəmid Əbaudun axtarıldığını desələr də, onun həmin yerdə olub-olmadığını təsdiq etməyiblər.
Rəsmilər üç polis işçisinin yaralandlğı və polis itinin reyd zamanı öldürüldüyünü bildirib.
Fransa rəsmiləri noyabrın 13-də 129 adamın ölümü və 300-dən çox adamın yaralanması ilə nəticələnmiş hücumlarda şübhəli bilinən başqa şəxslərin axtarışını davam etdirir.