Pakistan çərşənbə günü Əfqanıstan sərhədindən silahlıların hücumu zamanı hərbiləşdirilmiş birləşmənin azı 4 əsgərinin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.
Hərbi qüvvələr bir qrup hərbçinin Bəlucistan vilayətinin cənub-qərbində yerləşən Zob bölgəsində sərhədə hasar çəkmək üçün irəlilədikləri zaman Əfqanıstan tərəfdən "təxminən 20 terrorçu" olaraq xarakterizə etdikləri qrupun onları pusquya salaraq, atəş açdığını bildirib.
Hərbçilərin dərhal cavab atəşi açdığı və yaralıların vilayətin paytaxtı Kvettadaki hərbi xəstəxanaya ararıldığı bildirilib.
Hərbi qüvvələr hücumla bağlı ətraflı məlumat verməyib və hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
"Pakistan bu cür mütəşəkkil hücumları qətiyyətlə qınayır və bu cür hərəkətlərin Pakistan-Əfqanıstan sərhədində davam edən sülh və sabitliyə hədə hesab edir" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çodri bildirib.
Çodri Əfqanıstanın İslamabaddakı səfirliyindən "ərazilərində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı təsirli tədbirlər görmək" və "gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün" onun hökumətinin narahatlıqlarının Əfqanıstanda müvafiq orqanlara çatdırılmasının istənildiyini bildirib.
Əfqanıstan hökuməti hadisə ilə bağlı hələ heç bir açıqlama verməyib.
Pakistan 2017-ci ilin ortalarından Əfqanıstanla 2600 kilometrə yaxın keçilməsi mümkün olan sərhədə hasar çəkməyə başlayandan bəri militantlar inşaat işçilərinə hücumlar həyata keçirir.
Pakistan rəsmiləri, sərhəd idarəçiliyi proqramının İslamabad və Kabul arasında gərginliyin əsas mənbəyi olan terrorçuların sızması ilə bağlı qarşılıqlı narahatlıqları həll etməyə kömək edəcəyini deyir.
İslamabad militantların Pakistanda təhlükəsizlik əməliyyatlarından qaçdıqdan sonra Əfqanıstanın sərhəd bölgələrinə sığındıqlarını və oradan hücumlar planlaşdırdıqlarını iddia edir.