Cümə axşamı Pakistanın səhiyyə rəsmiləri güclü daşqınların baş verdiyi ərazilərdə suyun yoluxucu xəstəliklərə səbəb olduğunu və təbii fəlakət nəticəsində evlərini itirmiş yüz minlərlə insanın içməli su ilə təmin olunması üçün səylərin gücləndirildiyini bildirib.
Ölkə daxilində hökumətin qurduğu yardım düşərgələrində ishal, dəri xəstəlikləri və göz infeksiyaları yayılıb. Səhiyyə rəsmiləri tərəfindən açıqlanan hesabata görə, son 24 saat ərzində ən çox zərər çəkmiş vilayətlərdən biri olan Sinddə 90 mindən çox ishal halı qeydə alınıb.
Bu, Pakistan və Ümumdünya Səhiyyə Təşkilatının daşqın qurbanları arasında suyun səbəb olduğu yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlığını bildirməsindən bir gün sonraya təsadüf edib.
Pakistan iyun ayından bəri 1191 nəfərin ölümünə və 33 milyon insanın həyatına təsir edən qeyri-adi musson yağışlarının səbəb olduğu daşqınlara görə iqlim dəyişikliyini günahlandırır. Bir milyona yaxın ev ya zədələnib, ya da tamamilə dağılıb.
Ölkənin əksər hissəsində daşqınlar azalmaqda davam etsə də, Sind vilayətinin cənubundakı bir çox ərazi suyun altında qalıb.
Vilayətin səhiyyə naziri, doktor Əzra Fəzal Peçuho təxminən yarım milyon insanın daşqınlar səbəbindən məcburi köçkünlər üçün yardım düşərgələrində yaşadığını və bölgələrə səyyar tibb məntəqələrinin yerləşdirildiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, kəskin ishal, vəba və digər yoluxucu xəstəliklərə qarşı nəzarət artırılıb və səhiyyə müəssisələri tibbi ləvazimatlarla təmin edilib.
BMT Əhali Fondunun məlumatına görə, Pakistanda 6,4 milyon daşqın qurbanının humanitar yardıma ehtiyacı var. Fondun bildirdiyinə görə, daşqından təsirlənmiş ərazilərdə gələn ay doğması gözlənilən 73 hamilə qadın da olmaqla, təxminən 650 min hamilə qadının səhiyyə xidmətlərinə ehtiyacı var.