Pakistan hökuməti cümə günü Əfqanıstanla həmsərhəd şimal-qərb vilayətində silahlılarla toqquşmalar nəticəsində azı 14 təhlükəsizlik qüvvəsi zabitinin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.
Zorakılıqlar qadağan olunmuş "Tehrik-i-Taliban Pakistan" (TTP) militantlarının tez-tez hərbçiləri və polisi pusquya saldığı, postlarına hücumlar təşkil etdiyi Haybər Paxtunxvanın Hayber, Bannu və Dera İsmayıl Xan rayonlarında baş verib.
Hayberin yerli təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, cümə günü "Tehrik-i-Taliban Pakistan"la təhlükəsizlik qüvvələri arasında baş verən atışma zamanı təhlükəsizlik işçilərindən azı ikisi ölüb, üç nəfər yaralanıb. Rəsmilər həmçinin azı iki militantın öldürüldüyünü bildirib.
Ayrı bir hücum zamanı Bannuda militantlar polis maşınını pusquya salaraq, bir yüksək rütbəli polis zabitini və onun mühafizəçisini öldürüb.
Bannu hücumu yaxınlıqdakı Dera İsmayıl Xan vilayəti rəsmilərinin cümə axşamı gecə saatlarında ağır silahlı militantların onların postuna hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 10 üzvünün öldürüldüyünü bildirməsindən bir neçə saat sonra baş verib.
Pakistanın baş naziri Şahbaz Şərifin İslamabaddakı ofisi onun Bannu və Dera İsmayıl Xandakı hücumları pisləyərək, "şəhid" olan təhlükəsizlik işçilərinin xatirəsini ehtiramla yad etdiyini bildirib. O, nə bu hücumlar nəticəsində ölənlərin sayını bildirib, nə də Hayberdəki ölümlə nəticələnən toqquşmaya toxunub.
Pakistan Talibanı kimi tanınan "TTP" Dera İsmayıl Xandakı hücumu Pakistan təhlükəsizlik qüvvələri tərəfindən Ustad Qureşi kimi tanınan yüksək rütbəli komandirlərindən birinin öldürülməsinə cavab olaraq həyata keçirdiyini iddia edib.
Forum