Accessibility links

Pakistan: Əfqanıstan sərhədi yaxınlığında toqquşmalarda 4 əsgər, 12 "terrorçu" ölüb


Pakistan çərşənbə günü bildirib ki, "böyük bir terrorçu qrupu" onun Əfqanıstanla sərhədə yaxın təhlükəsizlik postlarına etdiyi hücumlar şiddətli toqquşmalara səbəb olub. Nəticədə 4 Pakistan əsgəri və 12 hücumçu ölüb.

Militantlar səhər tezdən Pakistanın 1670 metr yüksəklikdə yerləşən şimal dağlıq Kalaş sərhəd vadisindəki iki postunu hədəf alıb.

Pakistan ordusunun bəyanatında əsgərlərinin hücumu dəf etdiyi bildirilib və hücum edənlərin "ən müasir silahlarla təchiz olunduğunu" qeyd edilib. Militantların Əfqanıstandan sərhədi keçdiyi ehtimal edilir.

Qadağan edilmiş "Təhrik-Taliban Pakistan" və ya "TTP" kimi tanınan qrupu basqına görə məsuliyyəti öz üzərinə götürüb. Qrup bildirib ki, onun döyüşçüləri postları aşarkən pakistanlı əsgərlərə ağır itkilər verib və onların silahlarını ələ keçirib.

"Təhrik-Taliban Pakistan" ekstremist fəaliyyətləri ilə bağlı tez-tez şişirdilmiş iddialarla çıxış edir.

Pakistan ordusu bildirib ki, onun qüvvələri bundan əvvəl də Kalaş bölgəsi ilə üzbəüz bir neçə Əfqanıstan sərhəd bölgəsində "terrorçuların hərəkəti və cəmləşdiyini" görüb və bunu Əfqanıstanın Taliban rəsmiləri ilə "vaxtında paylaşıb".

ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal terror təşkilatı siyahısına salınan "Təhrik-Taliban Pakistan" iki il əvvəl Kabildə hakimiyyətə qayıdan Əfqanıstan Talibanının yaxın müttəfiqidir.

Forum

XS
SM
MD
LG