Accessibility links

Bin Ladenin sonuncu arvadı ailə sirlərini açıb


Üsəma Bin Ladenin sonuncu, ən gənc arvadı Əl-Qaidə liderinin ömrünün son illərinin detallarını açıqlayıb. Əslən yəmənli Əməl Əhməd Əbdülffəttah Bin Ladenlə 2000-ci ildə ailə qurub. Onun sözlərinə görə, Bin Laden Pakistan şəhərlərində qaçaq həyatı sürüb, bir neçə dəfə ev dəyişib və bu illər ərzində onların dörd uşağı dünyaya gəlib.

30 yaşlı Əməl Əbdülfəttahın 2001-ci ildə Birləşmiş Ştatlara qarşı 11 sentyabr hücumlarından sonra Bin Ladenin həyatı ilə bağlı açıqlamaları istintaq materiallarına daxil edilib. Qadın müstəntiqlərə deyib ki, hücumlardan sonra ailə bir müddət ayrı yaşayıb və onlar Bin Ladenlə 2002-ci ildə Peşəvarda yenidən birlikdə yaşamağa başlayıblar.

Onun sözlərinə görə, ABŞ Bin Ladeni ucqar dağlıq ərazilərdə axtardığı zaman o, Pakistanda izdihamlı şəhərlərdə gizlənilirdi. O deyib ki, hətta bir dəfə 2005-ci ildə Pakistanda zəlzələdən zərər çəkmiş insanlara yardım daşımaq üçün mülki humanitar missiya yerinə yetirən ABŞ hərbi vertolyotu əl-Qaidə liderinin gizlndiyi evin üzərindən uçub.

Qadın ailənin 2005-ci ildən Abbotabadda yaşadığını və orada onların daha iki uşağının dünyaya gəldiyini deyib. ABŞ komandosları Bin Ladeni keçən il may ayında xüsusi reyd zamanı qətlə yetirmişdi. Əməl Əbdülfəttah əməliyyatı zamanı ayağından yaralanmışdı.

Hazırda Əməl Əbdülfəttahla yanaşı Bin Ladenin daha iki arvadı və onların övladları Pakistanda həbsdə saxlanır. Vəkilin bildirdiyinə görə, onlara qarşı Pakistanda qeyri-qanuni yaşamaq ittihamı irəli sürülə bilər. Bu ittiham əsasında Pakistanda qanunla beş ilə qədər həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG