Accessibility links

Kafirlikdə ittiham edilmiş xəstə qızın işi Pakistanda dini azlıqların vəziyyətinə diqqət çəkir


İnsan hüquqları müdafiəçiləri qanundan dini azlıqları təqib etmək üçün istifadə edildiyni deyir

Pakistanda kafirlikdə ittiham edilən xristian qızın şərti olaraq azadlığa biraxılması yeni inkişaflarla əlaqədar cümə gününə qədər yenə də təxirə salınıb. Polis şənbə günü təxminən 14 yaşında olan qızın zənbilinə Quranın yandırılmış səhiflərini yerləşdirməkdə ittiham edilən imamı həbs etdiyini bildirib. Bu son inkişaflar Pakistanda kafirliyə dair mübahisəli qanunla bərabər, ölkədə xristian azlıqların vəziyyəti və dini zəmində gərginliklər kimi məsələlərin aktuallığını önə çəkir. Eyni zamanda beynəlxalq ictimiayyət bu məsələləri diqqət mərkəzində saxlamağa davam edir.

Polisin işlə əlaqədar həsb etdiyi imam Xalid Caduun Çişti ona qarşı qızın zənbilinə bilərəkdən Quran səhifələrini yerləşdirmək haqda ittihamları rədd edir. Onun həbsi Rimşa Məsihin işinə yenidən baxılmasına gətirib çıxara bilər.

Bazar ertəsi gününə təyin edilmiş dinləmələrə qədər ekspertizanın əqli cəhətdən xəstə olduğu qənaətinə gəldiyi qızın taleyi hələ də qeyri-müəyyən olaraq qalırdı. Polisin imam Xalid Cadun Hiştini həbs etməsilə xristian Rimşa Məsihin növbəti dinləmələr zamanı zaminə buraxılacağı ilə bağlı ümidləri artırır. Qızın ailəsi ekspertizanın qərarından sonra keçən həftənin cümə günü onun azad ediləcəyini gözləyirdi. Lakin iddiaçının vəkili Rao Əbdür Rəhimin ekspertizanın keçirilməsi haqda qərarın məhkəmə deyil, hökumət tərəfindən verilməsinə etirazı bunun baş verməsinin qarşısını aldı. Vəkil hökumətin ekspertizanın nəticələrinə təsir göstərə biləcəyini iddia edərək, onun qeyri-qanuni olduğunu bildirmişdi.

Avqustun 16-da qəzəblənmiş qonşular Rimşa Məsihi Quranın səhifələrini yandırmaqda ittiham edərək, qızın evinin qarşısında toplaşıb onun həbsini tələb edib. Qonşulardan heç biri qızın Quran surələrinin yazıldığı səhifələri yandırdığının şahidi olmayıb.

Məhkəmə işi təkcə Pakistan deyil, dünya miqyasında maraqla izlənir. Pakistanın özündə xristian qızın məhkəməsi əhalisinin əksəriyyəti müsəlman olan ölkədə dini azlıqların durumunun ciddiliyinə diqqət çəkir. Hadisədən sonra xristian ailələr yaşadıqları evlərini tərk etməyə başlayıb. Pakistan rəsmiləri qızın zaminə buraxıldığı halda, məhkəmənin qərarından narazı qalan müsəlmanların onu cəzalandırmağa çalışacağından ehtiyat edir. Pakistan prezidenti Asid Əli Zardari qızın işini diqqətlə izlədiyini bildirmiş və rəsmi təhqiqatın aparılması haqda göstəriş vermişdir.

Rimşa Məsihə qarşı irəli sürülmüş kafirlik ittihamı Pakistanda ölüm cəzasını nəzərdə tutur. Dindar müsəlmanların böyük əksəriyyəti kafirlikdə ittiham edilən insanların cəzalandırılmasını tələb edir. Bu ilin əvvəli kafirlikdə ittiham edilmiş müsəlman kişi həsb edildikdən sonra qəzəblənmiş kütlə onu polis idarəsindən çıxararaq döymüş, sonra isə yandırmışdır. Keçən il kafirlik haqda qanunu tənqid edən Puncab vilayətinin qubernatoru Salman Taseer öz cangüdəni tərəfindən güllə ilə vurulub öldürülmüşdür.

Tənqidçilər kafirlik haqda bu qanundan ölkədə dini azlıqları təqib etmək üçün istifadə edildiyini deyir. Hüquq müdafiəçiləri isə qanunların islahatına çağırır. Digər tərəfdən, Pakistanda mütərəqqi insanlar məhkəmə işinin xəstə qıza qarşı ölüm hökmünün çıxarılmasını nəzərdə tutan ittihamın irəli sürülməsi məsələsilə əlaqədar cəmiyyətdə açıq debat aparılmasının qeyri-mümkün olduğunu göstərdiyini deyir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG