Accessibility links

Pakistanda 4 qadın qətlə yetirilib


İslamçı olduğundan şübhələnilən militantların bazar günü Pakistanın şimal-qərbində qeyri-hökumət yardım təşkilatında işləyən dörd qadını öldürdüyü bildirilib.

Polisin bildirdiyinə görə, qurbanlar militantların keçmiş sığınacaq yeri, Əfqanıstanla sərhəddəki qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsində işə gedən zaman pusquya salınıb.

Bölgənin polis idarəsi Mir Əli qəsəbəsində həyata keçirilən hücum zamanı kişi sürücünün yaraladığını, beşinci qadının isə sağ qaldığını bildirib.

Polisin açıqlamasında Pakistan təhlükəsizlik qüvvələrinin hücumçuların ələ keçirilməsi üçün axtarış əməliyyatı aparıldığı bildirilib.

Qurbanların Pakistanın mühafizəkar bölgəsindəki qadınların evdən işləmələrini təmin etmək üçün əl işləri hazırlamaqda təlimlər keçən “Səbavun“ xeyriyyə təşkilatı ilə əlaqəli olduğu deyilib.

Son zamanlar əsasən Pakistan təhlükəsizlik qüvvələrini hədəf alan silahlı hücumlar yaşanan sərhəd bölgəsindəki bu ölümcül hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb.

İnsan haqları qrupları hücumu qınayıb. “Hökumət bu dəhşətli cinayəti həyata keçirənləri məsuliyyətə cəlb etməlidir. Bölgədəki terror qruplaşmalarının yenidən ortaya çıxması ciddi narahatlıq doğurur” - deyə, Pakistanın müstəqil İnsan Hüquqları Komissiyası bildirib.

Şimali Vəziristan əvvəllər Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəsi olan qanunsuz ekstremist qruplaşmalar və Pakistanın Təhriki-Taliban və ya TTP kimi tanınan təşkilatının istehkamı idi.


XS
SM
MD
LG