"Analar Günü" bədii filmi
Bank oğurluğu baş tutmadıqda üç qardaş analarının evinə gəlir. Onlar ümid edirlər ki, anaları onlara çıxış yolu tapmağa kömək edəcək. Kiçik oğul Coni yaralıdır və onların ortaq hesab etdikləri adam pulları götürərək aradan çıxıb.
Lakin oğlanlar evə gəldikdə əşyalarının və analarının orada olmadığını öyrənirlər. Sən demə anaları bir ay əvvəl evi satmalı olub. İndi burada Bet və Daniel Sohapilər yaşayırlar. Evin yeni sahibləri ad günü şənliyinə yığışan qonaqları ilə bərabər üç qardaşın girovuna çevrilirlər. Çox keçmədən oğlanların anaları və bacıları Lidia evə gəlirlər və aydın olur ki, ana uşaqlarını müdafiə etmək üçün hər şeyə qadirdir. Ona bir gecə lazım olur ki, vəziyyətə nəzarəti öz əlina alsın və oğlanlarının həbsdən yayına bilmələri üçün plan hazırlasın.
Tərəflər müəyyən ediləcək, sirlər açılacaq, girovlar gecəni sağ qalmaq uğrunda mübarizə aparacaq və günahkarlar cəzalandırılacaq.
"İndi Haraya Gedək?" bədii filmi
Livanlı yazıçı, rejissor və aktyor Nadin Labakinin “İndi Haraya Gedək?” adlı filmi kiçik icmaların yad qüvvələr tərəfindən dağılmasının qarşısını almağa çalışan bir qrup qadın haqdadır. Kilsə və məscidin yanbayan tikildiyi ucqar kənddə çəkilən bu film kəndin müsəlman və xristianlardan ibarət icmasında baş verən qarşıdurmanı işıqlandırır. Oğulları, ərləri və atalarını əvvəlki qarşıdurmalarda itirən xristian və müsəlman qadınlar bu kiçik kənddə dini müharibəni nəyin bahasına olur-olsun dayandırmalıdırlar.
Qadınlar dini çərçivələrdən çıxaraq kişilərin diqqətini münaqişədən yayındırmaq üçün qeyri-adi bir plan tərtib etməyə qərar verirlər. Onlar şəhərdə ukraynalı rəqqasələr kirələyirlər. Əməliyyat baş tutur. Lakin sonra baş verən bir sira qarmaqarışıq insidentlər qadınların qətiyyətini imtahana çəkir və hadisələr faciəli dönüş alanda qırğının qarşısını almaqda qadınların nələrə qadir olduqları məlum olur.
Drama janrında çəkilmiş “İndi Haraya Gedək?” filminin ssenari müəllifləri Nadin Ladaki, Cihad Hoceili, Rodney əl Həddad və Tomas Bideqayndır. Baş rollarda Nadin Ladaki, Leyla Faund, Klaud Msauba və Antoniette əl-Nufaili çəkilib.