Accessibility links

Kino Akademiya Vill Smitin Oskar mərasimindəki hərəkətini qınayıb, araşdırmaya başlayıb


Amerika Kino Sənəti və Elmləri Akademiyası rəsmi bəyanat yayaraq, Uill Smitin komediya ustası Kris Roka şillə vurduğuna görə davranışını pisləyib və araşdırmaya başladığını bildirib.

Bazar günü 94-cü Oskar Mükafatı mərasiminin canlı yayımı zamanı komediya aktyoru Uill Smitin həyat yoldaşı Cada Pinkett Smitin saçlarını qırxması ilə bağlı zarafat etməsindən sonra Smit Rokun üzünə sillə vurub.

"Akademiya keçən gecəki mərasimdə cənab Smitin hərəkətlərini pisləyir. Biz nizamnaməmizə, davranış standartlarımıza və Kaliforniya qanunlarına uyğun olaraq, gələcək fəaliyyət və nəticələri araşdıracağıq" - deyə, bəyanatda bildirilib.

Akademiyanın davranış kodeksinə görə, bu cür nəticələr “üzvlüyün dayandırılması və ya üzvlükdən çıxarılması”na gətirib çıxara bilər.

Son illər bu məcəllənin pozulması cinsi qısnama iddialarına görə, Harvi Vaynşteyn, Bill Kosbi və Roman Polanskinin üzvlükdən məhrum edilməsinə səbəb olub.

Kris Rok polisə şikayət etməyib.

Los Anceles Polis Departamentinin (LAPD) mətbuata verdiyi rəsmi açıqlamada "LAPD-nin istintaq orqanları Oskar Mükafatı təqdimatı mərasimi zamanı iki şəxs arasında insidentdən xəbərdardır. İnsident bir şəxsin digərinə şillə vurması ilə nəticələnib. Şillə vurulan şəxs polisə şikayət verməkdən imtina edib. Əgər həmin tərəf daha sonra polisdən hesabat istəsə, LAPD-nin istintaqla bağlı hesabatı tamamlamaq üçün hazır olacaq" deyilib.

Ən yaxşı sənədli film mükafatını təqdim etməzdən əvvəl Kris Rok Pinkett Smitə "Cada, mən səni sevirəm. "GI Jane 2" bunu görmək üçün səbirsizlənirəm" deyərək, onu 1997-ci ildə "GI Jane" filmində aktrisa Demi Murun qırxılmış saç düzümü ilə müqayisə edib.

Şərhdən sonra Pinkett Smit narazı qaldığını göstərdiyi zaman onun həyat yoldaşı səhnəyə çıxıb və canlı yayım getdiyi vaxt Rokun üzünə sillə vurub. Bu an çox qısa müddətdən sonra geniş yayılıb.

Yenidən yerinə oturduqdan sonra Smit komediyaçını söyərək, həyat yoldaşı haqqında danışmamasını tələb edib.

50 yaşlı Pinkett Smit əvvəllər otoimun xəstəliyi olan alopesiya səbəbiylə saçlarının tökülməsi ilə mübarizə apardığını deyib. O, diaqnozunu 2018-ci ildə Facebook-un Red Table Talk tok-şousunda açıq şəkildə paylaşıb.

Akademiya Twitter səhifəsində yalnız mərasim başa çatdıqdan sonra bəyanat yayıb. "Akademiya heç bir formada zorakılığı qəbul etmir" - deyə, bildirib.

Bazar günü axşam keçirilən mərasimdə Smit "Kral Riçard" filmində tennis üzrə çempionlar Venus və Serena Vilyamsların atası Riçard Vilyams rolunu ifa etdiyinə görə ən yaxşı aktyor nominasiyasında Oskar mükafatına layiq görülüb.

Təşəkkür nitqi zamanı Smit emosional görünüb. O, Akademiya və Oskar mükafatına namizəd digər həmkarlarından üzr istəsə də, Kris Roku birbaşa qeyd etməyib.

"Sevgi səni çılğın şeylər etməyə vadar edir" deyən Smit davranışına toxunub. "Təşəkkür edirəm. Ümid edirəm ki, Akademiya məni yenidən dəvət edəcək" - deyə, çıxışını bitirib.

XS
SM
MD
LG