Accessibility links

Rusiyada azərbaycanlı miqrantların durumu çətinləşib (Video)


Moskvada qarşıdurma
Moskvada qarşıdurma

Rusiya vətəndaşını öldürməkdə şübhəli bilinən azərbaycanlı tutulub. Bu, millətçilərin sakitləşməsi üçün bəs etməyib




“Azərbaycan Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun cinayət işinin istintaqı ilə yaxından maraqlanır”. Bu barədə APA agentliyinə Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi Eldar Səmədov bildirib.

Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilkin dindirmə zamanı törətdiyi cinayəti artıq etiraf edib:

“Hazırda istintaq gedir. Orxan Zeynalov onu saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına törətdiyi cinayəti etiraf edib. Onunla üzləşmə keçiriləcək. Cinayət baş verən zaman Yeqor Şerbakovun yanında rəfiqəsi olub. Həmin qızla Orxan Zeynalovu üzləşdirəcəklər. Onun qətli içkili vəziyyətdə törətdiyi və digər məlumatlar hazırda Rusiya istintaq orqanları tərəfindən araşdırılır”.

E. Səmədov Orxan Zeynalovun Azərbaycan vətəndaşı olduğunu, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olduğunu da söyləyib: “Qətldə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olduğundan, həm Rusiyadakı səfirimiz, həm də Azərbaycanın Daxili İşlər Nazirliyi cinayət işinin istintaqı ilə yaxından maraqlanır. Dünən Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən Orxan Zeynalovun Azərbaycanda da qətl maddəsi ilə axtarışda olması barədə fikirlər səslənib. Bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Orxan Zeynalov Azərbaycanda heç bir maddə ilə axtarışda olmayıb”.

Azərbaycan DİN-in nümayəndəsi Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması prosesini əks etdirən videogörüntüləri də şərh edib: “Orxan Zeynalov törətdiyi əməli etiraf edib. Onun əməlinə görə Moskvada minlərlə azərbaycanlı hazırda əziyyət çəkir. Biz istintaqın gedişi ilə maraqlanırıq. Əgər Orxan Zeynalovun bu cinayətdə əməli sübuta yetirilməzsə, onda çəkilən videogörüntülərin nümayişi ilə bağlı məsələyə müdaxilə etmək olar. Onun əməli bütün ölkədə rezonansa səbəb olub. Qətlin baş verdiyi rayonun sakinləri ayağa qalxıb. Ayağa qalxan sakinləri sakitləşdirmək lazımdır”.

E. Səmədov bildirib ki, Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır: “Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir “Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub” xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Turan agenliyinin məlumatında isə deyilir ki, Rusiyada azərbaycanlılara qarşı münasibət böhranlı vəziyyətdədir. Moskvada yaşayan, xüsusilə Moskvanın cənub hissəsində yaşayan və işləyən azərbaycanlılar qorxu içərisindədir.

Moskvanın cənub bölgəsində çalışan iş adamları agentliyə bildirib ki, artıq son 4 gündə işləmirlər, bazarlara satış məqsədi ilə meyvə-tərəvəz gətirən iş adamlarının durumu isə həddən artıq kritikdir. Min tonlarla meyvə-tərəvəz yük avtomobillərində və vaqonlarda xarab olur. Məhsulların boşaldığı anbarlarda iş dayanıb.

Moskva polisi hətta bəzi anlarda azərbaycanlı və Qafqazlı iş adamlarına müxtəlif vasitələrlə özünü qorumasını məsləhət bilib.

Yerli polis bu gün də bazarlara hücumun gözlənildiyi barədə xəbərdarlıq edib və iş adamlarını bazarlara çıxmamağa çağırıb.

Moskvada çalışan Rusiya vətəndaşı olan iş adamlarından biri Turana deyib ki, hücum zamanı miqrant və ya Rusiya vətəndaşı olmağın fərqinə varmırlar.

“Hansı ki, Rusiya beynəlxalq konvensiyalar və öz qanunları vasitəsi ilə miqrantların təhlükəsizliyinə təminat verib. Rusiya vətəndaşlarının qarşısında isə fiziki təhlükəsizliyinin, azad yaşamaq, azad yerdəyişmək, təhlükəsiz məşğulluğunu təmin etmək barədə hökumətin öhdəliyi var”, Azərbaycan əsilli Rusiya vətəndaşı bildirib.

Rusiyada təhlükə ilə qarşı-qarşıya olan Azərbaycan vətəndaşları isə Azərbaycan hökumətinin onların hüquqlarını qoruya bilməməsindən narahatdır.

“Ya Azərbaycan hökuməti bizi vətəndaş saymır, ya da Rusiya hökumətinə təsir etmək gücündə deyil. Azərbaycanın Rusiyadakı səfirliyi də vətəndaşlarının təhlükəsizliyi üçün iş aparmır və tədbirlər görmür”, deyə o qeyd edib.

Müşahidəçilər hesab edir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkədən çıxarılmasında və onlara qarşı hücumların təşkilində bir sıra Rusiya rəsmiləri maraqlı görünür.

Rusiyada biznes hökumətə bağlı adamların nəzarətindədir. Miqrantların biznesdən sıxışdırılması onların gəlirlərinin artmasına xidmət edir. Amma, bu Rusiyada qiymətlərin kəskin artmasına və sosial narazılıqların küçələrdə etirazlar şəklində ifadə edilməsinə də yol açacaq”, o bildirib
XS
SM
MD
LG