Accessibility links

Oreqonda meşə yanğınları 500 min insanı evsiz qoyub


ABŞ-ın Oreqon ştatının Fövqəladə Hallar İdarəsi bildirir ki, ştatda 500 mindən çox insan, yəni hər 10 nəfərdən biri baş verən meşə yanğınları səbəbi ilə evlərini və qəsəbələrini boşaltmaq məcburiyyətində qalıb.

Son 48 saatda meşə yanğınları Oreqon ştatında ən azı dörd nəfərin ölümünə səbəb olub. Minlərlə ev dağılıb və 365.000 hektar ərazi yanıb. Vaşinqton ştatında bir, Oregonda isə bir neçə qəsəbə məhv olub.

Polis Oreqonun Kaliforniya ştatı ilə sərhədində yerləşən Aşland şəhərində başlayan Almeda yanğınları ilə əlaqədar istintaqa başlayıb. Bu barədə Aşland polis rəisi Tighe O'Meara bildirib. Yanğın Aşlanddan şimala doğru irəliləyərək 600 evi məhv edib.

Hazırda ştatda baş verən iki böyük yanğının Oreqonun ən böyük şəhəri Portlandın cənub-şərqində birləşəcəyi gözlənilir. Ştatın Yanğın Marşalının baş müavini Mariana Ruiz Templ bildirir ki, Portland şəhərinin bəzi hissələrinin boşaldılması ehtimalı ilə əlaqədar yerli rəhbərliklə müzakirələr aparıb. O həmçinin əlavə edib ki, hər şey küləyin istiqamətindən asılıdır.

Ştatın qubernatoru Keyt Braun mətbuat konfransı zamanı deyib ki, "Biz ştatda indiyə kimi bu qədər böyük və nəzarət altına alına bilməyən yanğın görməmişdik".

Kaliforniyada da cümə axşamı yanğınlar davam edir. Nəticədə ən azı dörd nəfər həyatını itirib, yüzlərlə ev məhv olub. Və bir milyon hektardan çox ərazi yanıb. Bu isə keçən il baş vermiş yanğınlardan daha böyük ərazi deməkdir.

XS
SM
MD
LG