Accessibility links

"Oqtay Gülalıyevin səhhətində kiçik irəliləyiş var"


“Hüquq müdafiəçisi Oqtay Gülalıyev EGE Hospitalına köçürüldükdən sonra səhhətində kiçik də olsa irəliləyiş var. Bədən temperaturu 37 dərəcəyədək enib. Amma o hələ huşsuz və hərkətsiz vəziyyətdədir. Yalnız çağıranda və ağrıları olanda gözlərini açır. Həkimlər mümkün olan hər şeyi edir. Bununla yanaşı durumu ağır-stabil olara qalır.”

Bu barədə Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin qarın boşluğuna yerləşdirilmiş qida borusu dünən, avqustun 9-da dəyişdirilib.

“Həkimlər bundan öncəki borunu çıxardılar və yerini dəyişdirlər. Bundan öncəki borunun yerində infeksiya var idi. İndi onun bədəninə güclü antiobiotiklər yeridilir və bədəni antibiotiklərə müsbət reaksiya verir. Əvvəlcə qida borusu əvəzinə müvəqqəti olaraq əvəzedici kimi sidik ifrazı borusu qoyulmuşdu,” Gülalıyeva qeyd edib.

Avqustun 5-də Oqtay Gülalıyevin qarın nahiyyəsinə yeridilmiş qida borusu çıxıb və bununla hüquq müdafiəçisinin vəziyyəti pisləşib. Temperaturu kəskin şəkildə yüksəlib, təzyiqi düşüb, epilepsiya başlayıb.

Avqustun 5-də Gülalıyev Bakıda Topçubaşov adına klinikaya aparılıb. Qida borusu olmadığından orada ona qida borusunun əvəzində müvəqqəti olaraq sidik ifrazı borusu yerləşdirilib.

Gülalıyev avqustun 6-da EGE Hospitalına köçürülüb.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilib.

XS
SM
MD
LG