Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika müşahidə olunur. Son sutkalar o daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.
Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva bildirib.
Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika onun bu durumdan çıxacağına ümid yaradır.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.
Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.
Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.
Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.
“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.