Amerikanın ən nüfuzlu və zəngin televiziya ulduzu Opra Vinfri 25 ildən sonra tele-şoularını dayandırdı.
Çiqakoda vida şousunda Opra Vinfrini 13 min pərəstişkarı ayaq üstə alqışlayıb. Tədbirdə iştirak edən Hollivud ulduzları onun 25 illik fəaliyyəti haqda danışıblar.
Opra Vinfri 1986-cı ildə efirə çıxan talk şousu ilə Amerika televiziyasını büsbütün dəyişdirdi. Şou dünyanın 150-dən çox ölkəsində həftədə 42 milyon tamaşaçı auditoriyası toplayaraq, televiziya tarixində ən yüksək reytinqə malik oldu. Lakin keçən il Opra Vinfri şoularını dayandırmaq vaxtının gəldiyini elan etdi.
Sonuncu şoularda pərəstişkarları Opranın onların həyatında nəyə görə belə mühüm yer tutduğu haqda danışdılar. Onların sözlərinə görə, Opra hamıya mərhəmət göstərmiş və insanlara imkanlar bəxş etmişdir. Onun hamı ilə bölüşdüyü məhəbbət onlar üçün mühüm idi.
Opra Vinfrinin pərəstişkarları deyir ki, o, insanlara ümid verib, insanların həyatına müsbət gətirib.
Opra Vinfri öz həyatında seksual təcavüz, yoxsulluq və sonradan artıq çəki problemi kimi problemlər haqda açıq danışaraq, auditoriya ilə yaxın təmas qura bilmişdir. O, uşaqlara qarşı zorakılıq, QİÇS və irqi ayrı-seçkilik kimi cəmiyyətdə mübahisələr doğurmuş məsələləri açıq müzakirəyə çıxarmışdır. Media məsələləri üzrə tənqidçi Ron Simon deyir ki, şoular, milli səviyyədə müzakirələrin bir hissəsinə çevrilmişdir
Müəllif Kitti Kelli Opranı dünyada ən məşhur qadın adlandırır. Onun sözlərinə görə, Good Housekeeping jurnalının keçirdiyi sorğuya əsasən, o, yer üzündə ən çox pərəstiş edilən qadındır.
O zaman irqi seqreqasiyanın mövcud olduğu Missisipi ştatında böyüyən Opra Vinfrinin həyatının ilk illəri çox ağır keçib, o, böyük çətinliklərlə qarşılaşıb.
Oprah Vinfri bir neçə filmdə çəkilib. Lakin onu məşhur edən talk şoular olub.
O, Forbes jurnalının milyardçılar siyahısına düşən ilk Afrika mənşəli amerikalı qadındır. Opra Vinfri Brodvey səhnəsində tamaşa qoymuş, öz media imperatorluğunu yarada bilmişdir.
O həm də əliaçıqlığı ilə tanınır. O, şousunda iştirak edən insanlara maşın və başqa qiymətli hədiyyələr etmişdir.
2007-ci ildə Opra Vinfri Cənubi Afrikada yoxsul qızlar üçün məktəbin açılmasına 40 milyon dollar ayırıb. O, dünyanın 13 ölkəsində 60-dan çox məktəb üçün maliyyə toplayıb.
Opra Vinfri özünün ulduz qüdrətindən istifadə edərək Barak Obamaya prezidentlik kampaniyasının ən vacib dövründə dəstək verib.
Televiziyada şoularını bitirən Opra indi bütün səylərini özünün yanvar ayında açılmış kabel şəbəkəsinə verəcəyini deyir. O ümid edir ki, illər uzunu olduğu kimi buraya da böyük auditoriya cəlb edə biləcək.