Accessibility links

London Olimpiadasına son hazırlıqlar gedir (VİDEO)


Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün büdcə iki dəfə artırılaraq 882 milyard dollara çatdırılıb

Londonda 2012-ci il yay Olimpiya oyunlarının açılışına 100 gündən az vaxt qalır. Dünya ölkələrində yarışlarda iştirak edəcək idmançıların seçimi davam edir, yüz minlərlə tamaşaçı bu böyük idman hadisəsinə hazırlaşır. Bəs Olimpiadaya ev sahibliyi edəcək London necə, oyunlara artıq hazırdırmı?

İyulun 27-də başlayacaq yay Olimpiya oyunları 16 gün davam edəcək. London 2012 komitəsinin sədri, iki dəfə Olimpiya çempionu Sebastian Koe Olimpiadaya hazırlıqlardan danışır. Sebastian Koe:”Hələ də görüləsi işlər çoxdur, amma 100 günün adamlar üçün əhəmiyyəti var. Yeddi il, altı, beş, dörd il kimi bir müddət vaxt qalanda bu, bir şeydir, amma artıq 100 gün deyəndə, ya da 12 çərşənbə günü vaxt qalır deyəndə, görürsən ki, həqiqətən də söhbət yaxın zamandan gedir.”

Londondakı Olimpiya parkı artıq hazırdır, yalnız son işlər qalır.

Amerikalı üzgüçü Maykl Felbsin yarışacağı Akvatik Mərkəz də hazırdır, Felbs rekord sayda 14 Olimpiya qızıl medalın sayını artırmaq istəyir.


Britaniya velosiped idmanı ulduzlarının yarışdığı Velodrom da istifadəyə verilib.

Londonun Olimpiya şəhərciyindən başqa çimərlik voleybolu kimi idman oyunlarının keçiriləcəyi digər komplekslərin də inşası başa çatmaq üzrədir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq obyektlərə baxdıqdan sonra razılığını bildirib.

Lakin bu gözləmələrlə yanaşı, narazılıqlar da mövcuddur.

Londonun başlıca hava limanı olan Hitrouda mühacirət zalında növbələrdən şikayətlər var. Səyahətçilər internetdə foto-şəkillər və qəzəb dolu yazılarını yerləşdirib.

Qanunvericilərdən ibarət nəzarət komitəsi xəbərdarlıq edir ki, Olimpiadaya gələnlər təyyarənin içində, ya da mühacirət yoxlanışından keçmək üçün uzun növbələrdə gözləyə bilər. Olimpiada iştirakçıları üçün xüsusi terminal inşa edilib.

Hava limanından başqa ziyarətçilərin Londonun yollarında və oyunlara baxmaq üçün metroda ilişib qala biləcəyi ilə bağlı qorxular mövcuddur.

Təhlükəsizliklə bağlı narahatlıqlar da var. Britaniyanın Müdafiə nazirliyi oyunlara nəzarət etmək üçün 13 min 500 əsgər ayırır. Təhlükəsizliyə nəzarət edəcək qüvvələrin sayının 23 min 700 olacağı bildirilir. Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün büdcə iki dəfə artırılaraq 882 milyard dollara çatdırılıb.

Təhlükəsizlik məsələləri üzrə təhlilçi Deyvid Rubens deyir ki, London bağlı qalmalıdır. Deyvid Rubens:”Hamı üçün açıq olan bir tədbirin keçirilməsi və təhlükəsizliyin təmin edilməsi arasında balans yaratmaq olduqca çətindir. Bu, Vankuverdən fərliqdir. Elə Pekindəki oyunlardan da fərqlidir. İnsanlar gecəni oyaq qalıb bu balansı təmin edə bilib-bilmədiklərini sual edəcəklər və nəsə bir səhv olsa, bu o deməkdir ki, sən günahkarsan.”

Bu cavab 100-gündən az bir müddətdən sonra məlum olacaq. Londonun özü, idmançılar və oyunlara tamaşa etməyə gələcək 300 min insan üçün vaxtın hesablanması artıq başlayıb.

XS
SM
MD
LG