Accessibility links

Oklahoma statının qubernatoru Azərbaycanda səfərdədir


Oklahoma ştatının qubernatoru Kevin Stitt və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger
Oklahoma ştatının qubernatoru Kevin Stitt və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan və Oklahoma 20 ilə yaxındır fəal tərəfdaşdır.

“Qubernator Stitt əlaqələri genişləndirmək və Azərbaycan hökuməti ilə işləmək üçün komandasını Azərbaycana gətirib,” məlumatda deyilir.

İyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyev Oklahoma ştatının qubernatoru Con Kevin Stitti qəbul edib.

İlham Əliyev və Kevin Stitt
İlham Əliyev və Kevin Stitt

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ölkənin ABŞ-nın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin yaydığı məlumata görə, Con Kevin Stittin Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.

"Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb.

Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edilib," xəbərdə qeyd olunur.

Bundan öncə, iyulun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin Direktoru Runar Nygaard ilə görüş olub.

Oklahoma ştatının qubernatoru Kevin Stitt UFAZ universitetində
Oklahoma ştatının qubernatoru Kevin Stitt UFAZ universitetində

Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, ADNSU nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, ADNSU-nun Neft və Qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova və UFAZ-ın Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova iştirak edib.

Gəncə Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana səfər etdiyini bildirən Runar Nygaard bu istiqamətdə UFAZ təcrübəsinin onlar üçün faydalı olacağını bildirib. Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaradılmış ali təhsil müəssisəsidir. ADNSU Strasburq və Renn 1 universitetləri ilə birgə UFAZ kimi bir layihə həyata keçirir. Universitet Azərbaycan vətəndaşlarına öz vətənlərini tərk etmədən Fransa təhsil sistemi standartlarına uyğun olaraq təhsil almağa imkan verir.

Onu da xatırladaq ki, 2019-cu ilin noyabr 6-8 tarixlərində ABŞ-ın Oklahoma şəhərində keçirilən Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iştirak edib.

XS
SM
MD
LG