1945-ci ilin dekabr ayında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə təsis edilən Azərbaycan Milli Hökümətinin 1946-cı ilin dekabr ayında devrilməsindən 75 il keçir. Siyasi şərhçi Oğuz Türk Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında hələ də milli hökümət ideyasının yaşadığını vurğulayır.
“İran rejimi düşünürdü ki, bunu yadlardan çıxaracaq və nəsilləri farslaşdıraraq milli hökümətdən xəbərsiz və hətta milli hökümətə düşmən bir nəsil yaradacaq. Amma buna müvəffəq olmayıb. Biz görürük ki, kül altında köz kimi milli hökümət məfkürəsi hələ də diridir. Güney Azərbaycan Milli Hərəkatı hər zamankından daha da sürətlə, necə ki, öz şüarlarında da elan edir, azadlıq, ədalət və milli hökümət yönündə irəli gedir,” o, söyləyir.
İran rejimi düşünürdü ki bunu yadlardan çıxaracaq və nəsilləri farslaşdıraraq milli hökümətdən xəbərsiz və hətta milli hökümətə düşman bir nəsil yaradacaq. Amma buna müvəffəq olmayıb.
Oğuz Türk keçən iyul ayında Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən aksiyada səsləndirilən “azadlıq, ədalət, milli hökümət” şüarına işarə edir.
Siyasi şərhçi hesab edir ki, İran dövlətinin siyasətləri, o cümlədən Urmiyə Gölü ilə bağlı siyasəti və türk dilinə qarşı tətbiq edilən yasaqlar “milləti Güney Azərbaycanda öz idarəsini ələ keçirmək istiqamətində daha da əzmli edir.”
Onun sözlərinə görə, “İran rejimi bölgəmizi Azərbaycansızlaşdırmaq, Azərbaycan adını torpağın üstündən götürmək və milləti də türksüzləşdirmək üçün əlindən gələni edir. Mağazaların, uşaqların adına qədər müdaxilə edir, türksüzləşdirmək istəyir. Ətraf mühit məsələsinə gələndə, əgər Urmiyə Gölünün quruması 10 faiz quraqlıq nəticəsində olsa, 90 faiz idarəetmə problemi və hətta qəsdən qurutmaqda olduğunu görürük... Buna görə, Güney Azərbaycan öz milli hökümətinə yetişənə qədər mücadilə davam edəcək. Bu mənada milli hökümətimiz tariximizdə böyük bir dönüş nöqtəsidir ki, bizə hər zaman öz dövlətimizi qurmağa, özümüzü idarə etməyə qadir olduğumuzu göstərir.”
Oğuz Türk əlavə edir, “türklərin Güney Azərbaycanda təmərküzləşməsi İran rejimi üçün qəbul olunmaz bir şeydir. Bunu İranın milli təhlükəsizlik məsələsi kimi görürlər. Buna görə, sistemli olaraq siyasətləri buna yönəlikdir ki, türklərin Güney Azərbaycanda təmərküzü olmasın. Bunlar görür ki, türklər başqa şəhərlərə getsə bir şəkildə farslaşıb və bir iki nəsildən sonra aradan gedərlər.”