Azərbaycanda yük maşınlarının xaricə mal aparmaq üçün icazə sənədi almalarında problemlərin yaşandığı deyilir.
Fevralın 17-də gecə saatlarında dörd TIR sürücüsü Bakıda, Heydər Əliyev prospektində etiraz aksiyası keçirdikdən sonra bu sual ətrafında müzakirələr aktuallaşıb.
Etiraz edən sürücülər deyirdilər ki, icazə sənədlərinin – “dozvol”un paylanmasında monopoliya var.
Dozvol bir ölkədən digərinə yük keçirmək üçün sürücülərin aldığı icazə kağızına deyirlər.
Dövlət sənədi qara bazarda
Xəzər İşadamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri Şahin Nəcəfov da deyir ki, bu icazə kağızları qara bazarda satılır:
“Bunlar Azərbaycanın kvotasına düşən “dozvolları” öz şirkətləri arasında paylaşdırırlar. Siz gedib “dozvol” istəsəz, deyir ki, Şahində var, get Şahindən al. Sizə öz adamını istiqamət verir. Siz də gedib onu qara bazardan alırsız. Bunlar öz şirkətləri vasitəsilə bu “dozvolları” qara bazara çıxarırlar”.
AzadlıqRadiosu bu kağızları paylayan qurum - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu barədə sorğu göndərsə də, cavab ala bilməyib.
Xidmətin rəisi Anar Rzayev fevralın 17-də İctimai Televiziyaya müsahibəsində deyib ki, icazə kağızlarının verilməsində hansısa qanunsuzluğa yol verilmir.
O bildirib ki, bu kağızlar Azərbaycana qarşı tərəf ölkələrin hökumətlər tərəfindən məhdud sayda verilir və Azərbaycan tərəfi də paylanmanı 150 yerli şirkət arasında ədalətli və şəffaf bölüşdürür və etiraz edən sürücüləri qəzəbləndirən səbəb odur ki, onlar daha çox icazə kağızı istəyiblər.
“Bu şirkətin adını çəksəm, yaxşı çıxmayacaq…”
Amma bu aksiyada iştirak etməyən, adının çəkilməsini istəməyən başqa bir yük maşını sürücüsü də AzadlıqRadiosuna müsahibəsində eyni durumla üzləşdiyini, bu icazə vərəqələrini hökumətdən alıb baha qiymətə satmaqla məşğul olan azı üç şirkətin olduğunu deyir:
“20 dollarlıq bu icazə vərəqini mövsümdən və tələbatdan asılı olaraq bəzən 100 dollara, bəzən hətta 1000 dollara almağa məcbur qalırıq. Həmin şirkətlər bu vərəqələri üzərində şirkətin möhürü olmadan əldə edirlər. Bu şirkətlərdən biri tır sürücülərinə bu icazə kağızı ötürmək üçün onunla podratçı müqaviləsi bağlayır”.
Fevralın 17-də yük maşınları sürücülərinin etiraz aksiyasında iştirak edən yük maşını sahibi Zəkrəm Cəfərov də deyir ki, icazə vərəqələri əldən baha qiymətə satılır, o, dozvolu əldən aldığı şirkətin adını açıqlamasa da, bu sistemin çalışma mexanizmi harda bunu deyir:
“Bu şirkətlərin adını çəkmək bir az yaxşı çıxmayacaq. Bu işlə maraqlansalar, o şirkətləri tapmaq olar. İcazə kağızlarının hamısı əvvəldən paylanılır. Hansı şirkətlərə? O şirkətlərə ki, heç bir-iki maşını belə yoxdur. Həmin şirkətlərin vasitəsilə maşını olan sürücülərə “dozvol”u baha qiymətə satdırırlar”.
Azərbaycan hökuməti buna qədər də korrupsiyada və qeyri şəffaflıqda ittiham olunub. Azərbaycan hakimiyyəti isə iddia edir ki, korrupsiya ilə mübarizə aparır və sahibkarlığın inkişafında maraqlıdır.