Accessibility links

Obama İranla müharibə çağırışlarını tənqid edir (YENİLƏNİB)


ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizədləri İrandan gələn təhlükələr haqda onun sözlərilə “boş danışmaqda” günahlandırıb. Keçən il noyabr ayından sonra Ağ Evdə ilk mətbuat konfransı keçirən prezident Obama respublikaçı rəqiblərinin İranla hərbi müdaxiləyə çağırmasını tənqid edib.

ABŞ və digər Qərb ölkələri İranın nüvə silahları istehsalında istifadə ediləcək texnologiyalar inkişaf etdirdiyindən şübhələnir. İran bu iddiaları rədd edir.

ABŞ prezidentliyinə bəzi respublikaçı namizədlər xəbərdarlıq edib ki, prezident Obamanın yenidən seçilməsi İranın nüvə silahları istehsal etməsini təmin edəcək. Vaşinqtonda İsrailin maraqlarını təmsil edən ən böyük lobbiçi təşkilatın illik yığıncağında danışan prezidentliyə üç respublikaçı namizəd Tehranla daha ciddi yanaşma tərzinə çağırlb. Onlar İranın su sərhəddində hərbi gəmilərin yerləşdirilməsindən İranın nüvə obyektlərinin bombalanması kimi variantları qeyd ediblər.

Senatda respublikaçıların lideri Mitç Makkonnel Vaşinqtonda müxbirlərə deyib ki, o, İrana qarşı hərbi gücdən istifadə edilməsilə bağlı qətnamənin qəbul edilməsinə çalışacaq.

Cənab Obama ABŞ-ın İranla bağlı siyasətini müdafiə edərək, Tehranın presedenti olmayan sanksiyalarla qarşılaşdığını və İran hökumətinin təcrid edildiyini deyib. Lakin o, ABŞ və İsrail kəşfiyyatının İranla gərginliyin diplomatik yolla həll edilə biləcəyinə inandığını da xüsusi vurğulayıb.

Bu gün habelə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstügəl Almaniya İranla dalana dirənmiş danışıqlara yenidən başlamaq haqda təkliflə çıxış edib. Lakin ABŞ prezidenti deyib ki, o, ilk danışıqlarda ciddi nəticə əldə ediləcəyinə inanmır və qeyd edib ki, beynəlxalq ictimaiyyət İranın danışıqlara nə dərəcədə ciddi yanşdığı haqda tez bir zamanda təsəvvür əldə edəcək.

XS
SM
MD
LG