ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibətilə mesajında İranı onun öz sözlərilə “elektron səddi” aradan qaldırmağa çağırıb. Cənab Obama video mesajında deyib ki, Birləşmiş Ştatlar informasiyanın yayılmasına məhdudiyyətlərin qoyulması məsələsinə diqqət verməyə davam edəcək. ABŞ prezidentinin sözlərinə görə, bu sədd informasiya və ideyaların ölkəyə azad şəkildə çatmasının qarşısını alır və İran xalqının dünyadan təcrid olunmasına gətirib çıxarır.
“İran xalqının istədiyi informasiyanı azad şəkildə almasının qarşısı getdikcə daha çox alınır. Bunun əvəzinə, İran hökuməti televiziya və radio yayımlarını dayandırmaq üçün peyk siqnallarını vurur. Hökumət İran xalqının nə görüb, nə dediyinə nəzarət etmək üçün internetə senzura qoyub. İran rejimi öz hakimiyyətini saxlamaq kimi yeganə məqsədlə kompyuterlər və mobil telefonlara nəzarət edir. Nəhayət son həftələr, internetə məhdudiyyətlər o qədər ciddi olub ki, iranlılar İranın özündə, ya da ölkədən xaricdə yaxınları ilə azad şəkildə əlaqə saxlaya bilməyiblər”-deyə prezident Obama bildirib.
ABŞ prezidenti deyib ki, onun administrasiyası iranlıların internetdən istifadəsini asanlaşdırmaq üçün Amerika biznes şirkətlərinin İrana kompyuter proqramları və xidmətləri göstərə bilməsi məqsədilə yeni qaydalar hazırlayır.
İran xalqına birbaşa müraciət edən cənab Obama deyib ki, ABŞ onların baxışları ilə tanışa olmaq və istəklərini başa düşmək üçün dialoq axtarır.
“İran xalqı böyük və qədim bi sivilizasiyanın varisidir. Hər yerdə olduğu kimi, onların da düşünmək və öz maraqları üçün danışmaq hüququ var. İran hökumətinin xalqın hüquqlarına hörmət etmək kimi bir məsuliyyəti var. Eyni dərəcədə onun nüvə proqramı ilə bağlı öhdəliklərinə əməl etmək kimi bir məsuliyyəti var. Onu da demək istəyirəm ki, əgər İran hökuməti məsuliyyətli yol tutsa, xalqlar birliyi onu yenidən salamlayacaq və İran xalqı tərəqqi üçün yeni imkanlar əldə edəcək”-deyə prezident Obama bildirib.
İranlılar prezident Obamanın Novruz mesajına fərqli reaksiya veriblər. Bəziləri onun səmimiliyini sual edir.
Bu il Novruz bayramı İranın nüvə proqramı ətrafında ABŞ və İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. ABŞ və Qərb ölkələri İranı nüvə silahları istehsal etməyə çalışmaqda ittiham edir. İran nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir.