ABŞ prezidenti Barak Obama dünən kubalı həmkarı Raul Kastro ilə tarixi görüş keçirərək deyib ki, o, uzun müddət təcrid olunmuş Kuba hökuməti ilə əməkdaşlığı bərpa etməklə Soyuq Müharibə dövrü səhifəsini keçirmək istəyir.
Böyük maraqla gözlənilən bu görüş Panamada keçirilən Amerika Sammitindən kənar baş tutub və bu, iki ölkə liderləri arasında son 50 ilə yaxın müddətdə ilk rəsmi görüş olub.
Görüşdən əvvəl televiziya görüntüləri göstərir ki, cənab Obama və cənab Kastro kiçik konfrans otağında yanaşı əyləşərək nümayəndə heyətləri və tərcüməçilərlə əhatə olunublar.
Görüşdən sonra jurnalistərə açıqlama verən prezident Obama deyib ki, tam danışıqlar diplomatik əlaqələri bərpa etməyə çalışan Vaşinqton və Havana üçün dönüş nöqtəsi ola bilər. O habelə deyib ki, amerikaləların böyük əksəriyyəti Kuba ilə yaxınlaşmanın tərəfdarıdır və bu səylər həmçinin Kuba ictimaiyyəti tərəfindən də dəstəklənir.