Accessibility links

Obama Hiroşimanı ziyarət edəcək [Video]


Obama Hiroşimanı ziyarət edəcək
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Obama Hiroşimanı ziyarət edəcək

O, bu addımı atacaq ilk ABŞ prezidentidir

ABŞ prezidenti Barak Obama bu ay G-7 sammitində iştirak etmək üçün Yaponiyaya gedən zaman Hiroşimaya da baş çəkəcək. Obama çox guman ki, bu səfərlə diqqəti Şimali Koreyanın artan nüvə proqramı təhlükəsinə yönəltmək istəyir. Böyük Yeddilərin sammitinin gündəliyində əsas mövzulardan biri də bu olacaq. Ancaq Hiroşima faciəsindən sağ qalanlar ümid edir ki, hadisəyə görə üzr istəməsə də, ABŞ prezidenti heç olmasa II Dünya Müharibəsinin sonunda Amerikanın Yaponiyaya qarşı atom bombasından istifadə etməsinin kütləvi dağıntılara və faciəyə səbəb olduğunu etiraf edəcək.

1945-ci il avqustun 6-da ABŞ dünyanın ilk atom bombasını Hiroşimaya ataraq 140 mindən çox insanın ölümünə səbəb olub. Buraya hadisədən sonra radiasiyanın yayılması nəticəsində ölənlər də daxildir.

Bu gün Hiroşima Sülh Memorialı Parkı partlayışın episentrində yerləşir və faciə zamanı ölənlərin və əziyyət çəkənlərin xatirəsini yad edir.

Nüvə faciəsindən xilas olaraq bu günədək yaşayan 79 yaşlı Keyko Oqura kimi yaponlar prezident Obamanın oraya getməsini və nüvə silahlarından istifadənin faciəvi nəticələrini etiraf etməsini istəyir.

"Ölməmişdən öncə prezidenti burada görmək istəyirəm. Bu, ondan üzr istəmək xahişi deyil. Sadəcə bir insan kimi. Sən buradasan və biz eyni torpaqda dayanıb ölənlərə dua edirik" - deyə Keyko Oqura bildirir.

Parkın içərisindəki muzeydə dünyanın ilk atom bombası nəticəsində yaranmış partlayışın və dağıntıların fotoları və qalıqları saxlanır.

O zaman cəmi 8 yaşı olan Oqura deyir ki, o, episentrdən 2,5 kilometr aralıda olsa da, partlayışın gücü onu yerə çırpıb: "Özümə gələndə hər yer qaranlıq və sükut içində idi, heç nə görmək olmurdu".

Sunao Tsuboyun zərərçəkənlər arasındakı fotosu həmin gün yerli qəzet tərəfindən çəkilib. Ciddi yanıq yaraları alan Sunao insan cəsədləri üzəri ilə yeridiyini xatırlayır: "Hamısı ölü idi, ancaq aralarında bir sağ idi, oradan uca səslə mənə doğru bağırırdı".

Qalib tərəfin baxışına görə, atom bombaları müharibəyə erkən son qoyaraq çoxsaylı amerikalının həyatını xilas edib.

Ancaq onlar minlərlə günahsız dinc sakini öldürüb və bir çox qurban faciədən aylar və ya illər sonra radiasiya yayılması nəticəsində yaranan xərçəng kimi müxtəlif xəstəliklərdən həlak olub.

Faciədən sağ qalanlar ümid edir ki, Obamanın Hiroşimaya səfəri ABŞ-ın müharibə qərarları verən zaman oxşar addımları müzakirə etməsinin qarşısını alacaq və beynəlxalq ictimaiyyəti nüvə silahlarının gələcəyinə dair öhdəliklərinə əmək etməyə ilhamlandıracaq.

XS
SM
MD
LG