Accessibility links

Barak Obama kiber təhlükəsizliyi gücləndirəcək qanun istəyir


ABŞ prezidenti Barak Obama hökumət və özəl şirkətlər arasında məlumatların paylaşılmasını təşviq edən yeni kiber təhlükəsizlik qanunu çıxarılmasına çağırıb.

Çərşənbə axşamı Milli Kibertəhlükəsizlik və Kommunikasiya İnteqrasiya Mərkəzində çıxışı zamanı cənab Obama deyib ki, hazırkı qanun bəzən hər iki tərəf arasında məlumatların dəyişdirilməsini hüquqi və məsuliyyət cəhətdən imkansız edir.

Prezidentin bu təklifi xakerlərin ABŞ Mərkəzi Komandanlığının YouTube və Twitter hesablarına hücumundan sonraya təsadüf edib. Bu qurum Suriya və İraqda İslam Dövləti qrupuna qarşı ABŞ-ın başçılıq etdiyi hava hücumlarına nəzarət edir. Xakerlər İslam Dövləti qrupuna sadiq olduqlarını bildiriblər.

Noyabr ayında xakerlərin Sony Pictures Entertainment şirkətinin veb səyfəsinə hücum etməsi nəticəsində şirkət Şimali Koreya lideri Kim Conq Un haqda çəkdiyi komediya filminin yayımlanmasını ləğv etmişdi.

Cənab Obama hərbi sosial media hesablarına edilən hücumun təşkilatın fəaliyyətinə təsir etmədiyini bildirib. O, hadisə ilə bağlı istintaqın davam etdiyini və kiber təhdidlərin təcili və artan təhlükə olduğunu xatırladıb.

Prezident bu qanun tezliklə çıxarılacağına əmin olduğunu desə də, buna bənzər qanun artıq bir dəfə ABŞ Konqresindən keçməyib. Vətəndaş azadlığı tərəfdarları belə qanunların dövlətə daha çox nəzarət ixtiyarı verəcəyi üçün əleyhinə çıxıblar. Ancaq bəzi mühafizəkar qanunvericilər digər hökumət qurumlarına mümkün xaker hücumlarından narahatlıqlarını bildiriblər.

XS
SM
MD
LG