Birləşmiş Ştatlar prezidenti Barak Obama İslam Dövlətinə qarşı mübarizəni gücləndirmək üçün Suriyaya əlavə 250 nəfərdən ibarət xüsusi təyinatlı hərbi qüvvə yerləşdirilməsinə razılıq verəcəyini bildirib.
Bu gün Almaniyanın Hanover şəhərində çıxış edən cənab Obama artıq ABŞ-ın Suriyada olan azsaylı xüsusi təyinatlı qüvvələrinin əsas bölgələrdə həyata keçirilən döyüşlər zamanı nailiyyət əldə etdiyini deyib.
"Belə nailiyyətlər əldə edildiyinin şahidi olduqdan sonra, mən əlavə 250 nəfərdən ibarət ABŞ qüvvəsinin Suriyada yerləşdirilməsinə razılıq verəcəyimi bildirdim. Məqsəd onların quruda keçirilən döyüşlərdə iştirak etməsi deyil, onlar orada İŞİD-i geri oturtmaq üçün yerli qüvvələrə yardım edəcək, təlimlər keçəcək" - deyə cənab Obama bildirib.
Çıxışı zamanı cənab Obama müttəfiqlərini də bu yolda səylərini artırmağa çağırıb.
ABŞ prezidenti bu gün eləcə də İŞİD-ə qarşı mübarizəyə qoşun və maliyyə yardımı ilə bağlı müzakirələr aparmaq üçün Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderləri ilə görüşəcək.