Accessibility links

39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb


Aprelin 28-də Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, hazırkı dövrədək ölkədə 1 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132 640 test aparılıb.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Artıq paytaxt Bakının bir sıra küçələrində karantin postları götürülüb. Küçələrdə insanların sayı çoxalıb. Bununla bərabər əvvəlki günlərdən fərqli olaraq insanların əksəriyyəti ictimai yerlərdə artıq qoruyucu maskalar taxmır və əlcəklər geyinmir.

XS
SM
MD
LG