Accessibility links

Ermənistan Qarabağda tutulan hərbçilərini "hərbi əsir”, Azərbaycan “terrorçu” sayır


Azərbaycanla Ermənistan arasında Azərbaycanda saxlanılan 62 nəfər Ermənistan hərbçisi ilə bağlı qarşılıqlı ittihamlar davam etdirilir. Belə ki, Ermənistan hərbçilərinin "hərbi əsir" olduğunu iddia edir, Azərbaycan isə bu şəxslərin istintaqa təqdim edildiyini, hərbi əsirlərlə bağlı beynəlxalq hüququn onlara tətbiq edilməyəcəyini bildirir.

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Bakı beynəlxalq hüququ və 10 noyabr üçtərəfli bəyanatın müddəalarını pozur. Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycan dekabr ayında Hadrutda tutulan 62 erməni hərbçini qanunsuz olaraq saxlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirir ki, Ermənistan hərbçiləri üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə göndərilib və "təxribatlar" törədiblər.

“Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib," nazirliyin bəyanatında deyilir.

Azərbaycan rəsmiləri istintaq zamanı tutulan şəxslərin 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş Nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndərildiyini müəyyən etdiyini bildirir.

"Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar,” Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 13-də yaydığı bəyanatda deyilir ki, 2020-ci il noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçu öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

“Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb,” nazirlik qeyd edib.

Ermənistan rəsmiləri həmin hərbçilərin Azərbaycan Ordusunun atəşkəsi pozaraq əməliyyat keçirməsi nəticəsində tutulduğunu bildirir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.

Birgə bəyanatda həmçinin hərbi əsirlər və digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

XS
SM
MD
LG