Accessibility links

Siyasi məhbusların növbəti siyahısı: 119 nəfər


Siyasi məhbus siyahısı
Siyasi məhbus siyahısı

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 119 məhbusun adı daxil edilib.

Onlar aşağıdakı qaydada təsnifləşdirilib:

- 5-i jurnalistlər və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),

- 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),

- 7-si siyasi və ictimai fəal (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov),

- 47-si inanclı fəallar (buraya müxtəlif işlərin fiqurantları, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilənlər, İslam Partiyasının lideri Mövsüm Səmədovla birlikdə həbs edilənlər var),

- 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

- 1-i siyasi girov (siyasi mühacirətdə olan Türkel Azərtürkün müxalif jurnalist fəaliyyəti ilə əlaqədar həbs edilmiş qaynı Emin Saqiyev),

- 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar.

Ən böyük qrup Gəncə hadisələri ilə bağlı həbs edilən 52 nəfərdən ibarət qrupdur.

11 nəfərin adı isə monitorinq altında olanlar siyahısındadır.

Bu, jurnalist Şəfəq Ağabalayeva, Gəncə işinin 9 fiqurantı, habelə siyasi mühacirətdə olan qardaşının fəaliyyəti ilə əlaqədar həbs edildiyi ehtimal olunan Renad Əliyevdir.

2019-cu il fevralın 20-də siyasi məhbus siyahısının elan edilməsindən sonra 61 nəfər azadlığa çıxıb. Onların 52-si əvf edilib, 5-i şərti azadlığa buraxılıb, 4-ü cəza müddəti başa çatdığına görə azadlığa çıxıb.

İşçi qrup həmçinin Azərbaycanda müstəqil vəkillərə təzyiq və onların işdən kənarlaşdırılması faktını qeyd edir.

İşçi qrupa Azərbaycan vətəndaş cəmiyyətinin məşhur nümayəndələri, xüsusən, İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayılova, Rövşən Hacıbəyli və digərləri daxildir.

Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə siyahı var. Bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə 50-yə qədər siyasi məhbusun azadlığa buraxıldığı açıqlanmışdı. Ondan sonra bəzi siyahıda 80, bəzi siyahıda isə 100 civarında siyasi məhbusun qaldığı vurğulanırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyirlər ki, siyahi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edilmiş adamlardır.

XS
SM
MD
LG