19-cu əsrdə Nyu Yorkda çətin şəraitdə işləyən qadınların ayağa qalxmasıyla dünyada ilk qadın haqları aksiyası baş tutub. İllər sonra bu aksiyaların sayı artdıqca Avropa Birliyi 8 mart gününü beynəlxalq qadınlar günü elan edərək, qadınların üzləşdiyi problemlərə daha çox diqqət ayırmağa qərar verib. Yüz illər öncə, səs vermək haqqı və daha yaxşı iş şəraiti üçün ayağa qalxan Nyu York qadınları, bu gün də dövrün problemlərini səsləndirməkdən çəkinmir:
“Qadın haqları mövzusunda hələ görüləcək çox iş var. İnkişaf var, amma hələ də dünyada çox şey düzəlməlidi. Hələ də kişilərə üstünlük verilir, istər işdə, istər şəxsi münasibətlərdə. Bu bir problemdir. Ümid edirik ki, bir gün bütün insanlar bərabəq haqlara sahib olacaq,” deyə Barbara bildirir.
“Sevinirəm ki, 8 mart kimi beynəlxalq bayram var. Beləliklə, qadınların üzləşdiyi problemlərə diqqət yetirilir. Çalışdığım kitab mağazası 8 mart münasibətilə qadın yazıçıların kitablarını ön plana çıxarıb və yazıçı qadınları dəstəkləyir. Ümid edirəm ki, elə gün gələcək heç 8 mart kimi “xatırlatma” günlərinə ehtiyac olmayacaq. İldə bir gün yox, hər gün qadınların problemləri işıqlanacaq. Hər gün qadın yazarlar dəstəklənəcək. Çünki bütün insanlar bərabər haqlara sahib olmalıdır. Cəmiyyət olaraq məqsədimiz o olmalıdır ki, belə günlərə ehtiyac olmasın”, Amanda söyləyir.
“Məncə, qadınlarla kişilər arasında təcrübə və imkan bərabərsizliyi var, qadınlara kişilər qədər önəm verilmir. Hətta Nyu York kimi inkişaf etmiş şəhərdə belə, qadınlar kişilər qədər maaş ala bilmir. Mənim bərabərsizliklə bağlı şəxsi təcrübəm restoran sektorunda olub. Məncə bu sahədə hələ də qadınlara qarşı haqsızlığa yol verilir. Xüsusilə əyləncə və xidmət sektorunda hələ görüləcək çox iş var“, Kelli deyir.