Accessibility links

Nyu Yorkda gözübağlı heykəltaraşlıq


Nyu Yorkda gözübağlı heykəltaraşlıq
please wait

No media source currently available

0:00 0:04:07 0:00

Insanların sahib olduqları əsas duyğulardan biri də toxunmaqdır. Gözlə gördüyünü bir də əl vuraraq, toxunaraq dərk edir insan. Gözübağlı heykəltaraşlıq təcrübəsi sayəsində görmədən, sadəcə toxunaraq hiss etmək, üstəlik həm də sənət nümunəsi yaratmaq mümkün olur!

Bu ideyanın müəllifləri Alvaro Montana və Mariya Kordovanın sözlərinə görə, gözübağlı heykəltaraşlıq yalnız Nyu Yorkda sınaqdan keçirilir. Kim bilir, bəlkə də biz bir gün dünyanın hər yerində məşhurlaşacaq yeni incəsənət növünün yaranmasına şahidlik edirik. Yaxşı, bəs nədir bu yeni ideyanın məqsədi? Bir cümlə ilə ifadə etsək, gözübağlı heykəltaraşlıq nümunəsi yaratmaq.

Dərsin əvvəlində hər iştirakçının önündə bir baş fiquru, bir parça da gil olur. Aparıcı iştirakçılara heykəltaraşlığın əsas prinsiplərini izah edir. Daha sonra təcrübənin ilk hissəsi başlayır. İştirakçılar gözlərini yumub əlləri ilə üzlərini öyrənməyə başlayır. Burunla ağız arasındakı məsafə nə qədərdir, yanaqlardan göz boşluğuna keçid nə qədər dərindir. Yaradıcı prosesdə bu məlumatlar çox faydalı olacaq. Sonra iştirakçıların gözləri bağlanır və hər kəs əlinin altındakı gil parçası ilə baş-başa qalır.

İdeya müəlliflərinin fikrincə, iştirakçının gözləri qapandıqda onun digər duyğuları daha mükəmməl olur. Dərs boyu səsləndirilən meditativ musiqi eşitmə duyğusunu gücləndirilir. Aparıcı müxtəlif ətirli yağlarla iştirakçıların qoxu alma duyğusunu, şərab badələri ilə isə dad alma duyğusunu artırmış olur.

Gözübağlı heykəltaraşlığın əsas məqsədi odur ki, insanların yaradıcılıq istedadı varsa - üzə çıxsın, gizlin qalmasın. Axı bəzi istedadlı insanlar öz güclərinə inanmır, bacarıqsız olduqlarını düşünürlər. İstər cəmiyyətin təzyiqi, istərsə də təbiətindən gələn utancaqlıq bəzən istedadların üzə çıxmasına mane olur. Gözübağlı heykəltaraşlıq qorxunu aşmağa, şübhədən qurtulmağa kömək edir. Hamının gözləri bağlıdırsa demək nə sən başqalarını görürsən, nə də ətrafdakılar səni görür. Beləliklə, iki əsas problem aradan qalxır. Əvvəla, başqalarına baxıb düşünmürsən ki, onlar səndən bacarıqlıdırlar, sən də heç vaxt elə ola bilməyəcəksən. Üstəlik kiminsə sənin bacarıqsızlığını görməsindən də narahat olmursan, başqasının gözündə, belə deyək, biabır olmaq şansın sıfıra enir. Bax bu iki qorxu aradan qalxdıqdan sonra, anlayırsan ki, sən demə içində əsl “Mikelancelo” yatırmış, səninsə bundan xəbərin yoxdur.

Qeyri-adi interaktiv əyləncənin kökündə incəsənət dayanır. Və qonaqlar əslində özləri də fərqinə varmadan bir sənət əsəri yaradırlar. Mütəxəssislərin dediyinə görə, dərsin sonunda ortaya çıxan heykəldən çox bu heykəli xəyal etmə prosesinin özü vacib və maraqlıdır. Yəni gözübağlı heykəltaraşlığın meditativ tərəfi daha dəyərlidir. Önəmli olan bu ki, təşəbbüsə qoşulan hər kəs uzun iş həftəsindən sonra gözlərini yumub real həyatdakı narahatlıqlarından, gündəlik qayğılardan uzaqlaşır, xəyal dünyasının qanadlı sakininə çevrilir, ilham pərisilə baş-başa qalır. Ruha qida verən yaradıcı enerjinin, incəsənət adlı nağılın da əsas gücü elə bundadır.

XS
SM
MD
LG