Accessibility links

Çin hökuməti "Nyu-York Tayms"ın məqaləsinə görə qəzetə senzura tətbiq etdi


Çin xarici işlər nazirliyinin sözçüsü qəzetdə dərc olunan məqaləni “gizli motivlər” əsasinda yazıldığını və “Çini qaralamaq” niyyəti daşıdığını deyib

Nyu-York Tayms’ın veb səhifəsində Çin hökumətinin baş naziri Ven Tsiabaonun ailəsi tərəfindən yığılan böyük sərvət haqqında ətraflı məqalə dərc olunduqdan sonra cümə günü Çin hökuməti dərhal senzura tətbiq edərək, Çin ərazisində qəzetin veb səhifəsinə girişi bağlayıb.

Məqalə təvazokarlığı və şəfqəti ilə tanınan islahatçı lider cənab Venin ictimai imicinə zərər vura biləcək kimi qiymətləndirilir . Nyu-York Tayms baş nazirin qohumları tərəfindən idarə olunan və 2.7 milyard dollar dəyəri olan korporasiya haqqında rəyləri və tənzimləyici qeydləri dərc edib.

Məqalə dərc olunduqdan cəmi bir neçə saat sonra qəzetin İngilis və Çin dilində veb səhifələrinə Çin ərazisində giriş qapadılıb. Senzuraçılar həmçinin tez bir zamanda Çində fəaliyyət göstərən və Tvitterə bənzəyən mikroblog veb səhifə olan Vebioda baş nazir və onun ailəsi haqqında dərc olunan şərhləri silməklə yanaşı, Nyu-York Tayms qəzetinin Çin üçün nəzərdə tutulmuş social media hesabını ləğv edib.

Çin xarici işlər nazirliyinin sözçüsü Hong Lei cümə günü dərc olunan məqaləni qınayaraq, bunu yazan mətbuat işçilərinin niyyətinin “Çini ləkələmək” və “gizli motivlər” daşıması ilə günahlandırıb.

Nyu-York Taymsın sözçüsü Eilen Mörfi internet səhifəsinə girişin qapadıldığına görə təəsüf hissi keçirdiyini bildirərək, qəzetin öz jurnalistika standartlarında güzəştə getməyəcəyini bildirib.
XS
SM
MD
LG