Accessibility links

Milli Məclis Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişi təsdiq edib


Milli Məclis
Milli Məclis

Martın 18-də Milli Məclis “Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanunu qəbul edib.

Konvensiya 1979-cu ilin oktyabrında qəbul edilib. Azərbaycan Konvensiyaya 2003-cü ilin dekabrında qoşulub. 2005-ci ildə düzəlişlər qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

“Düzəlişlərin mahiyyəti və məqsədi odur ki, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Burada eyni zamanda, prinsiplər də müəyyən olunub. Bu da dövlətlərin məsuliyyətini müəyyən edir. Hesab edirəm ki, düzəlişlər Azərbaycanın milli maraqlarına tam uyğundur", Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Deputat Azay Quliyev yaxın günlərdə ABŞ-da beynəlxalq nüvə sammitinin keçiriləcəyini xatırladıb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

"Bir müddət öncə ABŞ prezidenti Barak Obama tərəfindən Azərbaycan prezidenti İlham Əliyev həmin sammitə dəvət edilib. Hesab edirəm ki, bizim bu konvensiyaya düzəlişi ratifikasiya etməyimiz də həmin sammitə ölkəmizin töhfəsi olardı", o qeyd edib.

“Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyanın iştirakçısı olan dövlətlər atom enerjisinin dinc məqsədlərlə istifadəsi, inkişafı hüququnu və atom enerjisinin dinc məqsədlərlə istifadəsi nəticəsində mümkün fayda əldə etmək üçün onların qanuni maraqlarını tanıyır.

Üzv dövlətlər bununla yanaşı nüvə materialının qanunsuz əldə edilməsi və istifadəsi nəticəsində yaranan potensial təhlükənin qarşısını almalı, nüvə materialına münasibətdə qanun pozuntularının qarşısının alınması, onlara görə cəzalandırmanı nəzərdə tutan müvafiq və səmərəli tədbirlər görməli, nüvə materialının fiziki mühafizəsi üzrə hər bir iştirakçı dövlətin milli qanunvericiliyinə və bu Konvensiyaya uyğun olaraq səmərəli tədbirlərin işlənib hazırlanması məqsədi ilə beynəlxalq əməkdaşlıq etməli, nüvə materialının təhlükəsiz yerdəyişməsinə yardım göstərməli, nüvə materialının ölkə daxilində istifadəsi, saxlanılması və daşınması zamanı, hərbi məqsədlər üçün istifadə edilən nüvə materialının səmərəli fiziki mühafizəsini təmin etməlidir.

Xatırladaq ki, Azərbaycan parlamenti bu düzəlişi prezident İlham Əliyevin martın sonlarında Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvətdən sonra qəbul edib.

XS
SM
MD
LG