Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə zamanı çatışmamazlıqlar müəyyən edib.
Ombudsman Aparatının məlumatında deyilir ki, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində qidalanma, su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib.
"Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumlara ünvanlanan fərdi iş əsasında yeni yanaşmalarla islah işinin genişləndirilməsinə və təşviqinə ehtiyac var.Ombudsman Aparatının məlumatından sitat
"Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumlara ünvanlanan fərdi iş əsasında yeni yanaşmalarla islah işinin genişləndirilməsinə və təşviqinə ehtiyac var. Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətlər yerində təmin edilib. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən, barələrində olan məhkəmə hökmlərindən və aparılmış istintaqdan narazılıqlarını bildiriblər.
Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilib və müraciətləri qəbul olunub," məlumatda qeyd edilib.
Bu il bir sıra siyasi məhbus kimi tanınan şəxslərin ailələri də 6 saylı cəzaçəkmə müəsissəsində qeyri-insani rəftarla bağlı məlumatlar yayıb. Lakin Penitensiar Xidmət yayılan məlumatları təkzib edib.
Milli Şuranın bu ilin mayında yaydığı bəyanatda isə deyilir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində siyasi məhbuslara qarşı amansız rəftar haqqında məlumatlar daxil olub.
“Milli Şura beynəlxalq ictimaiyyəti israrla Babək Həsənova (Milli Şuranın fəalı-red), Əhsən Nuruzadəyə (Müsəlman Birliyi Hərəkatının fəalı-red) və Azərbaycandakı digər siyasi məhbuslara təzyiq faktlarına reaksiya verməyə çağırır," bəyanatda qeyd edilir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanlın Səsinə müsahibəsində bildirib ki, məhbuslara qarşı insafsızlıq, qeyri-standart, qanunvericiliyə uyğun olmayan hərəkətlər müəyyən edilərsə, müəssisənin rəhbəri məsuliyyət daşıyır.
“Ədliyyə Nazirliyinin yanında komitə (Ədliyyə Naziri yanında İctimai Komitə-red) var. Onlar da bu məsələni nazirliyin qarşısında qaldırmalıdır. Ədliyyə Nazirlıiyi məsələni tezliklə çözməlidir,” o qeyd edib.
Ədliyyə Nazirliyi hələ Ombudsman Aparatının məlumatına münasibət bildirməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq işgəncələrlə bağlı yayılan məlumatları təkzib edir.