Accessibility links

Şimali Koreyada "tənəffüs yollarının xəstəliyi" yayıldığına görə karantin elan edilib


Şimali Koreya rəsmiləri paytaxt Pxenyanda, qeyri-müəyyən tənəffüs yollarının xəstəliklərinin artması fonunda beş günlük qapanmaya göstəriş verib. Bu barədə Rusiya diplomatları və Seulda yerləşən xəbər agentliyi məlumat verib.

Qapanma tədbirləri ilə bağlı ilk Şimali Koreyada mənbələri olan NK News nəşri məlumat yayıb və bildirib ki, Pxenyan sakinləri çərşənbədən bazar gününədək evlərində qalmalı və məcburi temperatur yoxlanışından keçməlidirlər.

NK News xəbər verir ki, Şimali Koreya hökumətinin qapanma tədbirləri ilə bağlı elanında COVID-19-dan bəhs edilmir. Bunun Pxenyandan kənar əraziləri əhatə edib-etmədiyi məlum deyil.

Rusiyanın Pxenyandakı səfirliyi Facebook-da şəhərdə son zamanlar mövsumi qrip və “başqa tənəffüs yolları xəstəliklərində” artım səbəbilə şəhərdə “xüsusi anti-epidemiya dövrünün” elan edildiyini təsdiqləyib.

Rusiyanın açıqlamasında Şimali Koreyanın Epidemiya əleyhinə Fövqəladə Dövlət Komandanlığından sitat gətirilərək bildirilib ki, qapanma bazar gününədək davam edəcək, amma vəziyyətdən asılı olaraq daha üç gün uzadıla bilər.

Tibbi resursları olmayan və geniş yoxsulluqdan əziyyət çəkən Şimali Koreyanın koronavirus pandemiyasına xüsusilə həssas olduğu düşünülür. Bununla belə, ölkənin pandemiyaya qarşı mübarizəsini indiyə qədər qiymətləndirmək çətindir.

Pandemiyanın ilk iki ilində Şimali Koreya ölkədə COVID-19-a yoluxma hallarının olduğunu inkar edib. Nəhayət ötən ilin may ayında ilk yoluxma halı barədə məlumat verib, üç ay sonra isə virus üzərində qələbə çaldığını elan edib.

Bir çox səhiyyə ekspertləri bu iddianı sual edir və bildirir ki, hətta Şimali Koreya hökuməti belə, test ləvazimatlarının çatışmazlığı səbəbilə, böyük ehtimalla, virusun yayıldığından xəbərsizdir.

Şimali Koreya sentyabr ayında yaxında COVID-19-a qarşı vaksinasiya kampaniyasının başlayacağına işarə edib, amma əlavə təfərrüat paylaşmayıb.

Bəzi ekspertlər Şimali Koreyanın 2020-ci ilin əvvəlində qonşu Çində koronavirusun ortaya çıxmasından sonra sərhədlərini bağlamaq üçün sürətlə hərəkət etdiyi üçün pandemiyanın ən pis təsirlərindən qurtulmasının inandırıcı olduğunu deyirlər.

Şimali Koreyanın avtoritar hökuməti həmçinin, demək olar ki, bütün digər ölkələrlə müqayisədə daha yüksək dərəcədə sosial nəzarətə malikdir.

XS
SM
MD
LG