Seulun Pxenyanın Ukraynadakı müharibəyə yardım etdiyinə görə, Rusiyadan raket texnologiyası ala biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi bir vaxt, Şimali Koreya cümə axşamı qitələrarası ballistik raketini sınaqdan keçirərək, "dünyanın ən güclü strateji silahı" adlandırdığı silahı təkmilləşdirdiyini bildirib.
KCNA dövlət xəbər agentliyinin bildirdiyinə görə, Şimali Koreya lideri Kim Conq Un bu sınağın ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıq olduğunu deyib.
"Sınaq regional vəziyyəti qəsdən gərginləşdirən və son vaxtlar Respublikamızın təhlükəsizliyinə təhdid olan düşmənlərə cavab verməyə hazır olduğumuz barədə məlumatlandırmaq məqsədinə tam cavab verən münasib hərbi əməliyyatdır" - deyə, KCNA Kimdən sitat gətirib.
Güc nümayişi ABŞ və digər ölkələrin dediyinə görə, Şimali Koreyanın Rusiyaya 11 min əsgər göndərməsi ilə bağlı həyəcanının artması fonunda baş verir. Onlardan 3 mini artıq Ukrayna ilə qərb cəbhə xəttinə yaxındır.
Cənubi Koreya, Yaponiya və ABŞ Şimali Koreyanın bu raket sınağını dərhal pisləyib.
Bir gün əvvəl Seul hərbi kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Şimal artan hərbi qüdrətinə diqqəti cəlb etmək üçün ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirə bilər.
Cənubi Koreyaya görə, cümə axşamı səhər buraxılan raket Şimali Koreyanın sınaqdan keçirdiyi ən uzunmüddətli ballistik raket sınağı olub. Belə ki, onun uçuş müddəti 87 dəqiqə olub.
KCNA bildirib ki, bu sınaq raket qabiliyyətinə görə yeni rekord müəyyənləşdirib.
Raket havaya Şimalın paytaxtı yaxınlığındakı ərazidən havaya qalxıb və Yaponiyanın Okuşiri adasından təxminən 200 kilometr qərbdə, Hokkaydo yaxınlığında suya düşüb.
Yaponiya hökuməti raketin 7000 kilometr yüksəkliyə qalxdığını və 1000 kilometr məsafəni qət etdiyini bildirib.
Forum