Müsavat Partiyasının fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanov 20 sutkalıq inzibati həbsdən sonra 6 ay narkoloji dispanserdə məcburi müalicə keçib. Süleymanovlar oktyabrın 27-də sərbəst buraxılıb.
Nizaməli Süleymanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, o və qohumu heç zaman narkotik istifadəçisi olmayıb, məhkəməyə təqdim edilən ekspertiza rəyi saxta olub.
Nizaməli və Akif Süleymanovları bu il aprelin 5-də Bakının Suraxanı Rayon Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə 20 sutka inzibati həbsə məhkum edib. Onlar psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib.
Nizaməli Süleymanov məhkəmə qərarının onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.
“Müxtəlif üsullarla məni təhdid edib, Müsavat Partiyasından çıxmağımı istəyirdilər. Çıxmadığım üçün cəzalandırırlar,” o qeyd edib.
Rəsmi qurumlar bu məlumata münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini və işgəncəyə məruz qoyulmadığını bəyan edir.
Nizaməli Süleymanov Amerikanın Səsinə müsahibəsində siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirəcəyini deyib.
O həmçinin narkoloji dispanserdə xəstələrin əksəriyyətinin tam müalicə kursu keçmədiyini deyib.
“Burada müalicə kursu keçənlərin əksəriyyəti yenidən narkotikdən istifadə edərək dispanserə qayıdır. Çünki müalicə kursu tam deyil, psixoloji işlər qaydasında deyil. İşgəncə halları var,” o bildirib.
Onun sözlərinə görə, narkoloji dispanser tam qapalı şəraitdə işləyir.
“Azərbaycanda nə haqsılıqlar varsa, onun bir hissəsi də orada var. İşgəncədən tutmuş yemək azlığına qədər orada gördüm. Hava azlığı da var. Döşək ağları təmiz olmur. Davranışlar insani deyil. Amma mənə qarşı qeyri insani rəftar olmayıb,” o bildirib.
Müalicəyə gəlincə, Süleymanov deyib ki, xəstələrə gün ərzində 2-3 sistem köçürürlər, sakitləşdirici dərman və axşam yuxu dərmanı verirlər.
Dispanerdə xəstələr səhər saat 8-də yuxudan qaldırılır, axşam saat 22-də yatmağa göndərilir.
“Gecə saat 12-dən sonra tualetə getməyə və siqaret çəkməyə icazə verirlər,” Süleymanov qeyd edib.
Bununla yanaşı, narkoloji dispaner rəsmilərindən Süleymanovun dediklərinə şərh almaq mümkün olmayıb