Accessibility links

Vəkil Nizami Piriyevlə görüşə buraxılmayıb


Nizami Piriyev
Nizami Piriyev

Vəkil Muxtar Mustafayev mayın 21-i və 22-də müdafiə etdiyi şəxsin - AzМeСo şirkətinin rəhbəri Nizami Piriyevin yanına buraxılmayıb. N.Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Vəkil Turan agentliyinin müxbiri ilə söhbətində sözügedən idarədə N.Piriyevə işğəncə verilməsi barədə bəzi KİV-də gedən məlumatları təkzib edib.

Vəkilin sözlərinə görə, o, müdafiə etdiyi şəxsin yanına buraxılmaması ilə bağlı baş prokurora müraciət edib.

“Bu, işğəncə ilə bağlı şikayət deyil, N.Piriyevin yanına buraxılmamaqla bağlı müraciət idi. Bu gün telefonla N.Piriyevlə danışdım və o, mənə bildirdi ki, heç bir işgəncə olmayıb”, vəkil qeyd edib.

Onun sözlərinə görə, N.Piriyevə baş çəkmək məsələsi də yaxın günlərdə həll olunacaq.

N.Piriyev Cinayət Məcəlləsinin 178.3.2 –ci maddəsi (külli miqdarda zərər vurmaqla dələduzluq) ilə ittiham olunur. Lakin o, “ittihamı qəbul etmir”, vəkil vurğulayıb.

“Müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmağı planlaşdırırmı?” sualının cavabında vəkil deyib ki, bütün atılacaq addımlar N.Piriyevlə məsləhətləşmə zamanı qərara alınacaq.

Bununla yanaşı vəkil “bir müddət sonra” həbs qətimkan tədbirinin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. O, daha ətraflı şərh verməyib.

AzМeСo şirkəti metanol istehsalı üzrə zavoda malikdir və PNN Group-a daxildir ki, bunun da sahibi Nizami Piriyev və onun oğlu Nəsib Piriyevdir.

Ona qarşı ittiham Azərbaycan Beynəlxalq Bankına olan iri məbləğdə borcun qaytarılmaması ilə əlaqədar irəli sürülüb. N.Piriyevin bu vəsaitlə Bakının yaxınlığında “Metanol” zavodunu inşa etdiyi bildirilir.

XS
SM
MD
LG