Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Vaşinqton şəhərindəki Konqres Kitabxanasında mühafizə olunan Nizami Gəncəvinin “Xəmsə”sinin XVII əsrin əvvəllərində köçürülmüş əlyazma nüsxəsinin surətini əldə edib.
AMEA-nin yaydığı məlumatda deyilir ki, institutun elmi işlər üzrə direktor müavini Paşa Kərimov bildirib ki, M-19 nömrəsi altında qeydiyyata alınmış bu əlyazma kitabın cildi qəhvəyi dəridəndir, lakin arxa qapağı yoxdur. Hindistanda köçürüldüyü ehtimal olunan əlyazmanın ilk səhifəsi göy rəngli xalça naxışları ilə süslənib (bəzədilib-red). Gözəl nəstəliq xətti ilə köçürülmüş nüsxənin səhifələrini də əlvan nəbati naxışlar bəzəyir. 475 vərəqdən ibarət əlyazmada çoxsaylı miniatür rəsmlər də var.
Azərbaycan şairi Nizami Gəncəvi ( 1141-1209) orta əsrlər şərqinin böyük şairlərindən biri kimi tanınır.
Onun Xəmsə (beşlik) adlandırılan əsərlər toplusuna “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İsgəndərnamə” poemaları daxildir.