Xarici Əlaqələr üzrə Avropa Şurasının post-sovet ölkələrindəki münaqişələr üzrə mütəxəssis Niku Popesku Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağda intensivləşən hərbi əməliyyatları, atəşkəs perspektivlərini və Rusiyanın mövqeyini şərh edib.
Amerikanın Səsi: Ermənistan və Azərbaycan qüvvələri arasında Dağlıq Qarabağdakı son döyüşləri necə şərh edərdiniz?
Niku Popesku: Düşünürəm ki, bu, yeni bir dövr açır. Necəsə başladı, amma Azərbaycan danışıqların uğursuz olduğuna o drəcədə əmindir ki, indi hərbi əməliyyatlardan istifadə etmək, qismən əraziləri geri almaq, danışıqlar prosesini qismən dəyişərək onu bərpa etmək üçün vaxtın yetişdiyini hesab edir. Münaqişələrdən bir neçəsinin əvvəllər dondurulmuş münaqişə adlandırıldığını bilirsiz, amma əlbəttə ki, artıq bu belə deyil. Əslində bu, heç vaxt Dağlıq Qarabağa aid olmayıb, amma indi elə bir mərhələyə keçirik ki, bəlkə də gördüyümüz son müharibə və Dağlıq Qarabağ uğrunda son qarşıdurma deyil.
Amerikanın Səsi: Beynəlxalq vasitəçilər dərhal atəşkəsə çağırıblar. Sizcə, bu, tezliklə baş verəcəkmi?
Niku Popesku: Yəqin ki, tezliklə bir neçə səbəbə görə bu, baş verəcək. Bilirsiniz payızdır, qışa nə qədər yaxınlaşırıqsa, döyüşmək o qədər çətinləşir - xüsusən dağlarda. “Status-kvo”nun nə olduğu çox açıq deyil. Amma hər halda, bu müharibənin həqiqətən böyük ərazi dəyişikliyinə gətirməsi üçün çox risk və ya şans olduğunu düşünmürəm. Yəqin ki, bir neçə həftə davam edə biləcək bir qarşıdurmadır. Bəzi ərazilərin əldən əldə keçdiyini görə bilərik. Ancaq dediyim kimi, qorxuram ki, bu, son müharibə deyil. Münaqişənin həll yolu danışıqlar masasına gəlmədiyi təqdirdə, daha çox ərazilər uğrunda döyüşlər gedəcək. Əlbəttə ki, müharibə həmişə pisdir. Ancaq onsuz da aydındır ki, bu yaxınlarda baş verən gərginlik, şübhəsiz ki, danışıqları canlandıracaq və Ermənistanla Azərbaycan arasındakı danışıqlara daha çox enerji gətirəcək. Ancaq ümumilikdə son 11 ildə Madrid prinsipləri qəbul edildiyi, lakin yerinə yetirilmədiyi vaxtdan bəri son bir ildə açıq-aşkar enerji çatışmazlığı var.
Amerikanın Səsi: Hazırkı qarşıdurmada Rusiyanın mövqeyi barədə nə düşünürsünüz?
Niku Popesku: Rusiyanın bu dərəcədə bitərəf olduğu çox təəccübləndirir. Əlbəttə ki, Rusiya mətbuatı və Rusiya siyasi elitası, Rusiya prezidenti və Rusiya Xarici İşlər Nazirliyi, məsələn, Ukraynanın Avropa Birliyi ilə sərbəst ticarət razılaşmasına qarşı çıxmaqda daha sərt mövqe nümayiş etdirdilər. Digər tərəfdən Rusiyanın hərbi müttəfiqi Ermənistanı əhatə edən, Türkiyənin dəstəyi ilə Azərbaycanın Ermənistana qarşı apardığı hərbi əməliyyatı əhatə edən indiki vəziyyətlə bağlı mövqelərini ifadə etməkdə daha az səs çıxarırlar. Beləliklə, böyük ölçüdə Rusiyanın Ermənistana diplomatik dəstək siqnalı verməməsi təəccüb doğurur. Və bir çox digər xarici siyasət mövzularında uca səslə mövqe bildirən Rusiyanın hazırkı diplomatiyası təzad təşkil edir.
Məndə belə bir təəssürat var ki, Rusiya müəyyən bir məsafə saxlayır və müəyyən dərəcədə Azərbaycana bəzi əraziləri geri almaq üçün vaxt verir ki, bu da təbii ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini əhatə etmir. Ancaq sanki Rusiya bu mərhələdə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun bir hissəsini geri almasına qarşı çıxmayan kimi görünür.
Amerikanın Səsi: Bildiyiniz kimi, Ermənistan ilə Azərbaycan arasında daha əvvəl iki toqquşma baş vermişdi - bu ilin iyul ayında və dörd il əvvəl aprel ayında. Əvvəlki iki qarşıdurma ilə hazırkı toqquşma arasında nə cür fərqlər var?
Döyüşlərin intensivliyi böyükdür. Eləcə də kəmiyyət fərqi var. Ancaq daha iki fərq var. Bunlardan biri Türkiyənin Azərbaycan Ordusuna yardımda birbaşa iştirakı ilə əlaqədardır. Çox şey haqqında danışılır. Beləliklə, sadəcə Türkiyənin diplomatik dəstəyi deyil, bu dəstəyin daha çox maddi formalarda olduğu görünür. Beynəlxalq müstəvidə görünən fərqdən danışsaq, çoxları Suriyadan döyüşçülərin Azərbaycana köçürülməsindən bəhs edir. Düşünmürəm ki, bunun müharibəyə böyük, real təsiri olacaq, çünki iştirak edənlərin sayı çox azdır. Amma əgər arzulanan bu idisə, çox böyük beynəlxalq reaksiya və sürprizə səbəb oldu.